25.11.2024
4 dekabr 2024-cü il tarixində “Caspian Energy Club”ın təşkilatçılığı ilə 1-ci Beynəlxalq "Caspian Innovation Forum" baş tutacaq. Tədbir rəqəmsal texnologiyaların inkişafı və informasiya texnologiyaları sahəsində qanunvericilikdə gözlənilən dəyişikliklər kimi aktual və strateji əhəmiyyət kəsb edən mövzulara həsr olunacaq. Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Forum haqqında danışan Telman Əliyev 1-ci Beynəlxalq “Caspian Innovation Forum”un Azərbaycanda ildə iki dəfə, Xəzər-Qara dəniz və Baltikyanı regionlarının ölkələrində isə ildə dörd dəfə keçiriləcəyini bildirib. “Forumun əsas məqsədi Azərbaycanın innovasiya və texnoloji inkişaf mərkəzi statusunu bir daha təsdiqləməkdir. Forum startapları dəstəkləyərək, onların beynəlxalq bazarlara çıxmasına kömək edəcək, beynəlxalq şirkətlərin Azərbaycan bazarına çıxmasına yol açacaq, qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. Forum həmçinin beynəlxalq şirkətlərə biznesin genişləndirilməsi üçün geniş perspektivlər açan Azərbaycan bazarına çıxmaq imkanı verəcək”, - deyə Telman Əliyev qeyd edib.
Məlumatda həmçinin bildirilir ki, forumda innovativ texnologiyalar və süni intellektin tətbiqi sahəsində çalışan şirkətlərin fəaliyyət dairəsinin genişləndirilməsinə xüsusi diqqət yetiriləcək. Forum təcrübə və bilik mübadiləsi, yeni texnoloji həllərin təqdimatı, həmçinin investisiyaların cəlb edilməsi və biznes nümayəndələri arasında “networking”in inkişafı üçün mühüm platformaya çevriləcək.
1-ci Beynəlxalq "Caspian Innovation Forum"da moderator qismində “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev və Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz çıxış edəcəklər. Onu da qeyd edək ki, forumda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi, Elektron Təhlükəsizlik Xidməti, “ASAN xidmət” mərkəzi və digər dövlət qurumlarının rəhbər və nümayəndələrinin iştirakı gözlənilir.
1-ci Beynəlxalq "Caspian Innovation Forum" yalnız rəqəmsal iqtisadiyyat, kiber təhlükəsizlik deyil, eyni zamanda Azərbaycanın rəqəmsal inkişafı və bu sahədəki beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində atılacaq növbəti addımlar, Azərbaycanın beynəlxalq rəqabət qabiliyyəti, ölkəmizin rəqəmsal gələcəyinin formalaşdırılması və s. mövzuları da əhatə edəcək.
“Biz bütün maraqlı tərəfləri, xüsusilə də dövlət qurumlarını, texnologiya və innovasiya sahəsindəki aparıcı mütəxəssisləri və beynəlxalq tərəfdaşları bu mühüm tədbirdə iştirak etməyə dəvət edirik”, - deyə Telman Əliyev bildirib.
Tədbirin region ölkələri arasında əməkdaşlığın inkişafı, əlaqələrin möhkəmləndirilməsi və yüksək texnologiyalar və innovasiyalar sahəsində qarşılıqlı inteqrasiyanın təşviqi üçün mühüm mərhələyə çevriləcəyi gözlənilir.
“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-networking üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.
Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. “Caspian Energy Club”ın həmçinin dünyanın 63 şəhərində rəsmi nümayəndəlikləri və səlahiyyətli nümayəndələri mövcuddur.
“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində “Caspian Energy Club”ın fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas funksiyalarından biri, klubun fəaliyyətinin müxtəlif ölkələrdə idarə edilməsi və “Caspian Energy Club” qrupuna daxil olan bütün xarici ofislər və şirkətlər üçün rəqəmsal iqtisadiyyat, yaşıl energetika, yaşıl maliyyə, rəqəmsal transformasiya və yaşıl və innovativ texnologiyaların tətbiqi sahələrində layihələrin lobbiləşdirilməsi və təşviqi üzrə vahid strateji planın formalaşdırılmasıdır.