Caspian Energy Club International Özbəkistan-Azərbaycan-Türkiyə forumunu təşkil edib

Caspian Energy Club International tərəfindən təşkil edilən və orta dəhliz ölkələri arasında inkişafa həsr olunmuş B2B Forum Tashkent baş tutub.

Caspian Energy Club International tərəfindən təşkil edilən və orta dəhliz ölkələri arasında inkişafa həsr olunmuş B2B Forum Tashkent baş tutub. Bu barədə Caspian Energy Club International-ın İdarəedici Direktoru Günel Quliyeva məlumat verib.
 
Əməkdaşlıq, biznesin inkişafı və Özbəkistanda investisiya imkanlarının genişləndirilməsi kimi məsələlərin müzakirəsinə həsr olunmuş forumda, Özbəkistanı təmsil edən 70-dən çox şirkət, o cümlədən Azərbaycan və Türkiyədən sahibkarlardan ibarət nümayəndə heyəti iştirak edib.
 
Caspian Energy Club-un İdarə Heyətinin sədri və qrupun Baş icraçı direktoru Telman Əliyev forum iştirakçılarının qarşısında salamlama nitqi ilə çıxış edib. “Biz üç ölkənin özəl sektoru arasında əlaqələri genişləndirmək və daha da gücləndirmək üçün dəstəyimizi göstərməyə hazırıq. Biz Özbəkistanın dövlət qurumları ilə birlikdə sahibkarlara öz layihələrini və biznes təşəbbüslərini inkişaf etdirməyə, biznes şəraitinin yaxşılaşdırılmasına hər cür səy göstəririk. Həmçinin Özbəkistan və Caspian Energy Club-un fəaliyyət göstərdiyi ölkələr arasında ticari-iqtisadi əlaqələrin inkişafına töhfə verməyə davam etməkdən məmnun olacağıq”, - deyə o qeyd edib.
 
İclasda fəxri qonaq qismində Xarici İnvestisiyaların cəlb edilməsi Agentliyinin direktoru Murat Mirzəyev, Özbəkistan Respublikası və Türkiyə İş Adamları Birliyinin sədri Davut Əzmi Erbaş, DEİK Özbəkistanın sədri Özgür Onur Özgüvən iştirak ediblər.
 
Murat Mirzəyevin sözlərinə görə, son bir neçə ildə Özbəkistanda əlverişli investisiya şəraitinin yaradılmasına yönəlmiş genişmiqyaslı islahatlar həyata keçirilib, o cümlədən ölkənin investisiya potensialını artırmaq üçün ƏDV dərəcəsinin azaldılması, idxal rüsumlarının azaldılması və bir sıra digər addımlar atılıb. “Özbəkistan və Azərbaycan arasında ikitərəfli əlaqələr müxtəlif sahələrdə inkişaf etməkdə və möhkəmlənməkdə davam edir. İqtisadi sahədə Özbəkistan və Azərbaycan müxtəlif sahələrdə, o cümlədən energetika, nəqliyyat, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlıq edir. 2022-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 181,8 milyon dollar təşkil edib, o cümlədən ixrac - 132,3 milyon dollar, idxal - 49,5 milyon dollar təşkil edib", - Murat Mirzəyev qeyd edib.


Onun sözlərinə görə, 2022-ci ilin yanvarında Prezident Şavkat Mirziyoyev tərəfindən təsdiq edilmiş “Yeni Özbəkistanın 2022-2026-cı illər üçün İnkişaf Strategiyası” çərçivəsində Özbəkistan geri dönməz islahatlar və strateji inkişaf, rəqabətqabiliyyətli insan kapitalının yaradılması, infrastrukturun, zəngin təbii ehtiyatların inkişafı və s. bu kimi sahələr üçün yaradılan unikal imkanla üzləşib. “Vurğulamaq istərdim ki, hər bir biznes təşəbbüsünün uğurla həyata keçirilməsi üçün bütün imkanlarımız mövcuddur. Özbəkistanda islahatlar geridönməz xarakter alıb. Özbəkistan iqtisadiyyata bazar prinsiplərini tətbiq etməkdə davam edir və biznes ideyalarının uğurlu investisiyalara çevrilməsi üçün əlverişli mühit yaradır”, - deyə M.Mirzəyev bildirib.
“Biznes üçün əlverişli iqlim və ticari-iqtisadi mövqe müxtəlif ölkələrdən olan sahibkarların Özbəkistanın investisiya potensialına yüksək marağına səbəb olub. Təşkilatımız vaxtaşırı klub üzvlərini təkcə Daşkənddə deyil, Səmərqənd, Fərqanə və s. şəhərlərində həyata keçirilən yeni imkanlar və layihələr haqqında da məlumatlandırır. Bu şəhərlərin hər birinin özünəməxsus xüsusiyyətləri və biznesin inkişafı üçün imkanları var”, - deyə Günel Quliyeva qeyd edib və əlavə edib ki, sərmayə qoyuluşu üçün şəhər seçimi daha çox konkret investorun maraqlarından və strateji planlarından asılıdır. “Özbəkistanın paytaxtı Daşkənd yüksək iqtisadi və investisiya potensialına malikdir. Həmçinin tekstil sənayesi ilə məşhur olan Namanqan və Əndican kimi şəhərlərini, turizm sektoruna sərmayə qoyuluşu üçün unikal imkanlar təklif edən tarixi Səmərqənd və Buxara şəhərlərini, kənd təsərrüfatı sahəsinə sərmayə qoymağı arzulayan sahibkarlar üçün cəlbedici olacaq Fərqanə və Nukus şəhərlərini də qeyd etmək lazımdır”, - Günel Quliyeva vurğulayıb.
 
Caspian Energy Club-a üzv olan sahibkarların Özbəkistana səfəri çərçivəsində 30-dan çox şirkət, assosiasiya və müəssisənin nümayəndələri ilə B2B formatında görüşlər keçirilib, investisiya, İKT, sənaye, kənd təsərrüfatı və digər sahələrdə ikitərəfli əməkdaşlıq imkanları və perspektivləri müzakirə edilib, müxtəlif şirkətlər arasında gələcək əməkdaşlıq haqqında ikitərəfli razılaşmalar əldə olunub.
 
Bundan əlavə, Caspian Energy Club nümayəndə heyəti “TEXNOPARK” MMC-yə və Daşkənddə yerləşən digər müəssisələrin ərazisinə baş çəkib. “Caspian Energy Club növbəti il ərzində təkcə Özbəkistanın paytaxtına deyil, Səmərqənd, Fərqanə, Buxara və digər şəhərlərə də analoji səfərlər etmək niyyətindədir. Biz investorlara və sahibkarlara dəstək və məsləhətlər vermək üçün platforma kimi xidmət etməyə davam etməkdən, eləcə də networking qurulması üçün addımlar atmaqdan məmnun qalacağıq”, - deyə Günel Quliyeva deyib.
 
 
Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
 
Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un Türkiyə, Gürcüstan,Özbəkistan, Qazaxıstan, Çexiya, Israil, Almaniya, Polşa, Slovakiya, BƏƏ-də rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
 
Caspian Energy Club International 2023-cü ildə Caspian Energy Club-un beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində Caspian Energy Club International dünyanın 100 ölkəsində klubun fiziki ofislərini yaratmağı planlaşdırır. Caspian Energy Club International-ın əsas funksiyalarından biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.
                                                                                     
Headquartered in Baku, Caspian Energy Club is an international business networking platform regularly conducting different events. Caspian Energy Club has representative offices operating in Türkiye, Georgia, Uzbekistan, Kazakhstan, UAE, Israel, Germany, Poland, Slovakia, the Czech Republic, as well as authorized representatives around the globe.
 
Caspian Energy Club International was established in 2023 with the aim to manage international projects of Caspian Energy Club. Within 5 years Caspian Energy Club International plans to open offices in 100 countries across the world. One of the major functions of Caspian Energy Club International is to manage the Club’s activity in countries where no representatives are present, and work out a general strategy for all foreign offices.