06.03.2026
5 mart 2026-cı il tarixində Bakıda Fövqəladə Hallar Nazirliyinin dəstəyi, “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) birgə təşkilatçılığı ilə Milli Biznesin İnkişafı Forumunun XIII xüsusi sessiyası təşkil edilib.
“Tikinti və Sənayedə Təhlükəsizlik və Dövlət-Biznes Əməkdaşlığı: Mövcud sual və təkliflərin müzakirəsi” mövzusuna həsr olunan sessiyada sektorun aktual çağırışları, normativ-hüquqi tələblərin tətbiqi zamanı yaranan praktik məsələlər, eləcə də biznes subyektlərinin təşəbbüs və təklifləri geniş şəkildə müzakirə edilib. Sessiya çərçivəsində təhlükəsizlik mədəniyyətinin gücləndirilməsi, risklərin effektiv idarə olunması və nəzarət mexanizmlərinin şəffaflığının artırılması məsələlərinə xüsusi diqqət yetirilib.
Forumun açılış nitqləri ilə Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini İsmayıl Nəsirov, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini Cəmil Xudiyev, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Baş Ekspertiza İdarəsinin rəis müavini Elxan Əsədov və “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev çıxış ediblər. Çıxışlarda təhlükəsizlik siyasətinin prioritet istiqamətləri, dövlət nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və biznes qurumlarının bu prosesdə rolu ətraflı şəkildə təqdim olunub.
Sessiya çərçivəsində liftlərin və digər qaldırıcı qurğuların texniki istismarının vahid sistem üzərindən idarə olunmasını təmin edən “MyLift” innovativ rəqəmsal platformanın geniş təqdimatı keçirilib.
Telman Əliyev çıxışında qeyd edib ki, təhlükəsizlik mədəniyyətinin formalaşdırılması hər bir müəssisənin daxili idarəetmə fəlsəfəsinin ayrılmaz hissəsinə çevrilməlidir. Onun sözlərinə görə, bu istiqamətdə real nəticələr əldə etmək üçün dövlət qurumları ilə biznes nümayəndələri arasında sıx və açıq əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.
“Təcrübə göstərir ki, ən effektiv nəticələr məhz qarşılıqlı dialoq və birgə fəaliyyət sayəsində əldə olunur. Təhlükəsizlik yalnız qaydalar və yoxlamalarla məhdudlaşmamalıdır, bu, müəssisələrin gündəlik fəaliyyətinin ayrılmaz hissəsinə çevrilməlidir. Müəssisələrdə təhlükəsizlik mədəniyyətinin formalaşması, işçilərin sağlamlığının və həyatının qorunması hər bir məsuliyyətli biznesin əsas prinsiplərindən biri olmalıdır”, - deyə Telman Əliyev əlavə edib.
Onun fikrincə, məqsəd cərimə mexanizmlərini deyil, preventiv yanaşmanı və məsuliyyətli idarəetmə mədəniyyətini təşviq etməkdir.
“Əminəm ki, birgə səylər nəticəsində ölkəmizdə texniki təhlükəsizlik sahəsində daha yüksək standartlara nail olmaq mümkündür. “Caspian Energy Club” olaraq biz bu istiqamətdə təşəbbüsləri davamlı şəkildə dəstəkləməyə hazırıq”, - Telman Əliyev vurğulayıb.
Tədbir interaktiv formatda davam edib, iştirakçıların sualları cavablandırılıb, səsləndirilən təkliflər müvafiq dövlət qurumlarının nümayəndələri tərəfindən diqqətlə dinlənilərək müzakirəyə çıxarılıb.
Sessiyanın sonunda fəxri qonaqlara “Caspian Energy Club”ın fəxri üzvlüyünə dair sertifkat təqdim olunub.
Tədbir ənənəvi networking və “coffee break” ilə yekunlaşıb ki, bu da iştirakçılar arasında yeni işgüzar əlaqələrin qurulmasına və tərəfdaşlıq imkanlarının genişlənməsinə əlverişli şərait yaradıb.