Azərbaycan ilə Mərkəzi Baltik regionu arasında iqtisadi əməkdaşlığın yeni istiqamətləri “AZEXIM FORUM”da müzakirə olunub

01.10.2026

29 sentyabr 2026-cı il tarixində Azərbaycan ilə Mərkəzi Baltik regionu ölkələri - Latviya, Estoniya və Finlandiya arasında ticarət-iqtisadi əlaqələrin və investisiya əməkdaşlığının genişləndirilməsi, eləcə də ölkələrin özəl sektor nümayəndələri arasında yeni tərəfdaşlıq imkanlarının formalaşdırılması məqsədilə 1-ci Beynəlxalq "AZEXIM FORUM: Latviya - Estoniya - Finlandiya - Azərbaycan" keçirilib.

"Caspian Energy Club" və Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) birgə təşkilatçılığı ilə onlayn formatda iki saata yaxın davam edən forum çərçivəsində Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi, biznes dairələri üçün yeni bazar və tərəfdaşlıq imkanlarının açılması, qarşılıqlı iqtisadi əlaqələrin intensivləşdirilməsi, eləcə də birbaşa B2B təmasların qurulması və inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tədbirin açılış hissəsində Estoniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tiina Nirk, Azərbaycanın Estoniyadakı səfirliyinə təyin olunmuş səfir Nemət Nağdaliyev, Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Edqars Skuya və Finlandiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kirsti Narinen çıxış ediblər.
1-ci Beynəlxalq "AZEXIM FORUM: Latviya - Estoniya - Finlandiya - Azərbaycan" forumunun moderatorları "Caspian Energy Club International"ın idarəedici direktoru Rasim Mahmudov, "Caspian Energy Club"ın Riqa şəhərindəki nümayəndəsi Liqa Sıçeva və Pori şəhərindəki nümayəndəsi Mikko Lehtonen olublar.

Çıxışlar zamanı Azərbaycan ilə Mərkəzi Baltik regionu ölkələri arasında münasibətlərin inkişaf dinamikasına nəzər salınıb, iqtisadi əlaqələrin daha da şaxələndirilməsi üçün mövcud potensial diqqətə çatdırılıb, sahibkarlar və şirkət rəhbərləri arasında birbaşa və davamlı təmasların gücləndirilməsinin regional əməkdaşlıq məsələlərinin əhəmiyyəti vurğulanıb.

Forumun əsas müzakirə istiqamətlərindən biri biznes palatalarının beynəlxalq ticarət və investisiyaların təşviqində rolu olub. Təqdimat çərçivəsində "Caspian Energy Club"ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev çıxış edərək biznes assosiasiyalarının müxtəlif ölkələrin işgüzar dairələri arasında etibarlı əlaqələrin qurulmasında, yeni tərəfdaşlıqların formalaşdırılmasında və beynəlxalq iqtisadi əməkdaşlığın stimullaşdırılmasında roluna dair fikirlərini bölüşüb.

"Biznes Perspektivləri: Ticarət və İnvestisiya İmkanları" mövzusunda təqdimatla çıxış edən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədr müavini Rüfət Atakişiyev biznes mühiti və bazar imkanları, əməkdaşlıq üçün prioritet sektorlar, həmçinin yeni tərəfdaşlıqların formalaşdırılmasında biznes assosiasiyalarının rolu barədə geniş məlumat təqdim edib.

Sessiyanın davamında "PowerHouse Latvia" şirkətinin tərəfdaşı və beynəlxalq əməkdaşlıq üzrə direktoru, “Caspian Energy Club”ın Riqa çəhəri üzrə nümayəndəsi Liqa Sıçeva təqdimatla çıxış edib. Təqdimat zamanı regionlararası iqtisadi əlaqələrin mövcud vəziyyəti, biznes subyektləri üçün formalaşan yeni imkanlar, eləcə də Azərbaycan və Mərkəzi Baltik regionu arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün perspektivli istiqamətlər geniş şəkildə nəzərdən keçirilib.

Forumun növbəti hissəsi Azərbaycan, Latviya, Estoniya və Finlandiyanı təmsil edən şirkət nümayəndələrinin təqdimatlarına həsr olunub. İştirakçı şirkətlər öz ölkələrinin biznes mühitini, mövcud iqtisadi və investisiya imkanlarını, eləcə də müxtəlif sahələr üzrə əməkdaşlıq perspektivlərini təqdim ediblər. Təqdimatlar çərçivəsində biznes üçün açılan yeni imkanlar, qarşılıqlı maraq doğuran sektorlar və tərəfdaşlıq üçün potensial istiqamətlər diqqət mərkəzində olub.

Müzakirələr zamanı ticarət və investisiya sahəsində qarşılıqlı maraq doğuran istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb, yeni tərəfdaşlıqların qurulması üçün mövcud imkanlar dəyərləndirilib və biznes dairələri arasında birbaşa əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Forumun yekun hissəsində keçirilən açıq müzakirələr zamanı iştirakçılar Azərbaycan ilə Latviya, Estoniya və Finlandiya arasında birbaşa biznes əlaqələrinin daha da genişləndirilməsi, yeni tərəfdaşlıqların qurulması, qarşılıqlı ticarət dövriyyəsinin artırılması və mövcud investisiya imkanlarından daha səmərəli istifadə olunması ilə bağlı fikir və təkliflərini səsləndiriblər.


“Caspian Energy Holding” haqqında qısa məlumat

İnvestisiya-konsaltinq holdinqi formatında fəaliyyət göstərən“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında birləşmiş bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində konsolidasiya etmək məqsədilə təsis edilmişdir. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.

“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”,“Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”.
“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.

2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networkingplatformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır. Bu strukturun nəzdində idarə olunan və 2034-cü ilə qədər dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.