Azərbaycan-İndoneziya ticarət və investisiya əməkdaşlığı “AZEXIM FORUM”da müzakirə olunub

22.10.2026

Azərbaycan və İndoneziyanın işgüzar dairələri arasında əlaqələrin gücləndirilməsi, qarşılıqlı investisiya imkanlarının araşdırılması və yeni iqtisadi tərəfdaşlıqların formalaşdırılması məqsədilə 20 oktyabr 2026-cı il tarixində 1-ci Beynəlxalq “AZEXIM FORUM: İndoneziya – Azərbaycan” keçirilib.

“Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) birgə təşkilatçılığı ilə onlayn formatda baş tutan forum iki ölkənin özəl sektoru arasında ticarət dövriyyəsinin artırılması, investisiya əməkdaşlığının inkişaf etdirilməsi və sahibkarlar üçün yeni biznes imkanlarının yaradılması məsələlərinə həsr olunub.

Tədbirdə Azərbaycan Respublıkasının İndoneziya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramil Rzayev və İndoneziya Respublıkasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Berlian Helmi açılış nitqi ilə çıxış ediblər.
Forumun proqramı çərçivəsində “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev “Caspian Energy Club”ın və qrupa daxil olan layihələr haqqında ətraflı məlumat verib.

Müzakirələrdə həmçinin İndoneziyanın İnvestisiya Nazirliyinin Şərqi Asiya, Cənubi Asiya, Yaxın Şərq və Afrika regionlarında İnvestisiyaların Təşviqini həyata keçirən direktor Kahyo Purnomo iştirak edib. Təqdimatlar zamanı biznes mühiti və bazar imkanları, əməkdaşlığın prioritet istiqamətləri, həmçinin biznes assosiasiyalarının beynəlxalq tərəfdaşlıqların qurulmasında rolu diqqət mərkəzində olub.

Azərbaycan tərəfindən Emin Quliyev “Azərbaycanda investisiya imkanları” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda ölkəmizin makroiqtisadi göstəriciləri, investisiya mühiti, nəqliyyat-logistika və sənaye infrastrukturu, prioritet sektorlar, investorlar üçün mövcud güzəşt və təşviq mexanizmləri, eləcə də sənaye zonaları və Ələt Azad İqtisadi Zonasının imkanları barədə məlumat verilib.

Özəl sektor nümayəndələrinin çıxışları zamanı Azərbaycanın “166 Global Logistics” şirkətinin və “Caspian Energy Club Jakarta”nın nümayəndəsi Gülnarə Zamanova, eləcə də İndoneziyanın “Dirgantara Indonesia” və “Wijaya Karya” şirkətlərinin təmsilçiləri öz fəaliyyət istiqamətləri, biznes perspektivləri və mümkün əməkdaşlıq imkanları barədə ətraflı məlumat təqdim ediblər.

Forum sual-cavab sessiyası və açıq müzakirələrlə davam edib. İştirakçılar Azərbaycan və İndoneziya şirkətləri arasında birbaşa B2B əlaqələrin qurulması, qarşılıqlı maraq doğuran layihələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi və yeni işgüzar təşəbbüslər üçün imkanların müəyyənləşdirilməsi ilə bağlı fikir və təkliflərini bölüşüblər.


“Caspian Energy Holding” haqqında qısa məlumat

İnvestisiya-konsaltinq holdinqi formatında fəaliyyət göstərən“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında birləşmiş bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində konsolidasiya etmək məqsədilə təsis edilmişdir. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.

“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”,“Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”.
“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.

2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır. Bu strukturun nəzdində idarə olunan və 2034-cü ilə qədər dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.