24.10.2026
23 oktyabr 2026-cı il tarixində “Caspian Energy Club” üzvləri üçün təşkil olunan “Grand CEO Tour” layihəsi çərçivəsində “Fabriora Group” şirkətinə işgüzar səfər həyata keçirilib.
Səfərin məqsədi biznes nümayəndələri arasında birbaşa işgüzar əlaqələrin genişləndirilməsi, “Fabriora Group”un fəaliyyət istiqamətləri ilə yaxından tanışlıq, təcrübə mübadiləsinin təşviqi, eləcə də yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi olub.
Proqram çərçivəsində iştirakçılar “Fabriora Group” MMC-nin təsisçisi İbrahim Uygur və şirkətin direktoru Gökhan Özkundakçı ilə görüşüblər. Təqdimat zamanı şirkətin fəaliyyəti, istehsal potensialı və həyata keçirilən işlər barədə məlumat verilib.
Görüşdən sonra “Caspian Energy Club” üzvləri müəssisəyə ekskursiya edərək istehsalat prosesi ilə yerində tanış olublar. İştirakçılar istehsal mərhələləri, müəssisənin iş prinsipləri və sənaye istehsalının təşkili ilə bağlı məlumat əldə ediblər.
Səfər çərçivəsində biznes nümayəndələri arasında təcrübə mübadiləsi aparılıb, işgüzar münasibətlərin möhkəmləndirilməsi və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi həyata keçirilib.
“Fabriora Group” MMC Azərbaycanın sənaye istehsalı sektorunda fəaliyyət göstərən, kağız və gigiyenik məhsulların istehsalı üzrə ixtisaslaşmış müəssisədir. Şirkətin Qaradağ rayonunda yerləşən istehsalat kompleksi təxminən 11 hektar ərazini əhatə edir. Müəssisədə uşaq bezləri, müxtəlif növ salfetlər və yuyucu vasitələr də daxil olmaqla geniş çeşiddə məhsulların istehsalı nəzərdə tutulub. İstehsal prosesində yerli və idxal olunan xammaldan istifadə edilməsi, eləcə də Almaniya, İtaliya və Türkiyənin müasir, yüksək avtomatlaşdırılmış texnologiyalarının tətbiqi planlaşdırılır. Şirkətin fəaliyyət istiqamətlərindən biri də yerli bazarın tələbatının ödənilməsi ilə yanaşı, Azərbaycan istehsalı olan məhsulların xarici bazarlara çıxarılmasıdır. İstehsal müəssisəsinin məhsullarının Gürcüstan, Qazaxıstan, Rusiya, Yaxın Şərq ölkələri və digər bazarlara ixracı nəzərdə tutulur.
Qeyd edək ki, “Grand CEO Tour” layihəsi “Caspian Energy Club” üzvlərinin yerli müəssisələrin fəaliyyəti ilə yaxından tanış olmasına, şirkətlərarası əlaqələrin inkişafına, yeni tərəfdaşlıqların qurulmasına və biznes ictimaiyyəti arasında səmərəli dialoqun təşviqinə xidmət edir.
“Caspian Energy Holding” haqqında qısa məlumat
İnvestisiya-konsaltinq holdinqi formatında fəaliyyət göstərən“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında birləşmiş bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində konsolidasiya etməkməqsədilə təsis edilmişdir. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.
“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”,“Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”.
“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.
2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.
“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır. Bu strukturun nəzdində idarə olunan və 2034-cü ilə qədər dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.