26.10.2026
“Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) birgə təşkilatçılığı ilə Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyası onlayn formatda keçirilib.
Sessiya biznes subyektlərinin gündəmində olan aktual məsələlərin müzakirəsinə, sahibkarların sual və təkliflərinin dinlənilməsinə, eləcə də dövlət-biznes dialoqunun inkişaf etdirilməsinə həsr olunub.
Sessiyanın fəxri qonağı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov olub.
Görüş çərçivəsində mövcud sual və təkliflər ətrafında müzakirələr aparılıb, biznes nümayəndələrini maraqlandıran məsələlər nəzərdən keçirilib və sahibkarlarla aidiyyəti dövlət qurumları arasında birbaşa dialoqun genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Telman Əliyev çıxışında Nicat İmanova dəvəti qəbul edərək sessiyada iştirakına və özəl sektor nümayəndələri ilə açıq dialoqa verdiyi önəmə görə təşəkkürünü bildirib. O vurğulayıb ki, Nicat İmanov uzun müddətdir biznes ictimaiyyəti ilə səmərəli əməkdaşlıq münasibətləri ilə seçilir. Onun həm iri holdinq və şirkət rəhbərləri ilə fərdi görüşlərdə, həm də geniş tərkibli müzakirələrdə sahibkarların müraciətlərini diqqətlə dinləməsi, qaldırılan məsələlərə münasibət bildirməsi və öz mövqeyini bölüşməsi dövlət-biznes münasibətlərinin inkişafına mühüm töhfə verir.
Telman Əliyev, həmçinin klubun Dövlət Vergi Xidməti ilə əməkdaşlığına toxunaraq, hər iki tərəfin biznes mühitinin təkmilləşdirilməsinə yönəlmiş təşəbbüslərdə və müzakirələrdə iştirakının vacibliyini vurğulayıb. O qeyd edib ki, klub özəl sektorun maraq və təkliflərinin müvafiq platformalarda səsləndirilməsinə, eləcə də dövlət qurumları ilə sahibkarlar arasında qarşılıqlı əlaqələrin gücləndirilməsinə xüsusi önəm verir.
Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyasında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov çıxış edərək dövlət-biznes dialoqunun inkişaf etdirilməsinin əhəmiyyətini vurğulamışdır. Qeyd olunmuşdur ki, bu cür görüşlər sahibkarlıq subyektlərinin fəaliyyətləri zamanı qarşılaşdıqları çətinliklərin müəyyənləşdirilməsi, mövcud problemlərin müzakirəsi və onların həlli istiqamətində müvafiq tədbirlərin görülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Çıxış zamanı, həmçinin Dövlət Vergi Xidməti ilə "Caspian Energy Club" arasında keçirilmiş görüşlərdə Club və üzvləri tərəfindən vergi qanunvericiliyinə dəyişikliklərlə bağlı irəli sürülmüş təkliflər və həmin təkliflər əsasında həllini tapmış məsələlər barədə iştirakçılara məlumat verilmişdir.
Sessiya çərçivəsində sahibkarlar tərəfindən vergi qanunvericiliyinin tətbiqi ilə bağlı praktiki fəaliyyətdə qarşıya çıxan məsələlərə dair ünvanlanmış suallar Nicat İmanov tərəfindən cavablandırılmış, qaldırılan məsələlər üzrə ətraflı izahatlar təqdim edilmişdir.
Belə ki, onlayn sessiyada sənədsiz mallar üzrə vergi amnistiyasının verilməsi, yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərin xarici ölkələrdə çəkdikləri xərclərin gəlirdən çıxılan xərclər kimi nəzərə alınması, elektron qaimə-fakturaların tərtibi prosesində Dövlət Vergi Xidmətinin elektron baza məlumatlarına inteqrasiya imkanlarının nəzərdən keçirilməsi, ödənilmiş avanslar üzrə əvəzləşmə hüququnun tanınması kimi məsələlər ətrafında geniş müzakirələr aparılmışdır. Bəzi vergi ödəyiciləri tərəfindən qaldırılan məsələlər üzrə ayrıca görüşlərin keçirilməsi və həmin məsələlərin geniş tərkibdə dinlənilməsi nəzərdə tutulmuşdu.
Qeyd olunan məsələlər, eləcə də digər iştirakçılar tərəfindən səsləndirilən suallar ətraflı şəkildə cavablandırılmış və müvafiq izahatlar verilmişdir.
“Caspian Energy Holding” haqqında qısa məlumat
İnvestisiya-konsaltinq holdinqi formatında fəaliyyət göstərən“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında birləşmiş bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində konsolidasiya etmək məqsədilə təsis edilmişdir. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.
“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”,“Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”.
“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.
2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.
“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır. Bu strukturun nəzdində idarə olunan və 2034-cü ilə qədər dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan
sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.