Azərbaycan və Qırğızıstan arasında ticarət-iqtisadi əməkdaşlıq 1-ci Beynəlxalq “AZEXIM FORUM”da müzakirə olunub

25.11.2026

Azərbaycan və Qırğızıstan arasında ticarət-iqtisadi əlaqələrin inkişaf perspektivləri, investisiya imkanlarının genişləndirilməsi və iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın gücləndirilməsi 24 noyabr 2026-cı il tarixində Bakıda keçirilən 1-ci Beynəlxalq “AZEXIM FORUM: Qırğızıstan - Azərbaycan”ın xüsusi sessiyasında müzakirə olunub.

“Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 70-dən çox iştirakçı bir araya gəlib.

Forumun əsas müzakirə mövzularını Azərbaycan və Qırğızıstan arasında ticarət-iqtisadi əlaqələrin inkişaf perspektivləri, Qırğızıstanın investisiya və sənaye potensialı, prioritet inkişaf istiqamətləri, eləcə də biznes üçün yeni imkanlar təşkil edib. Bununla yanaşı, iki ölkənin şirkətləri arasında birbaşa B2B əlaqələrin qurulması və birgə investisiya layihələrinin həyata keçirilməsi məsələləri diqqət mərkəzində olub.

Tədbirin açılış nitqləri ilə Qırğız Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov, “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev, eləcə də “Okuklu Holding” şirkətlər qrupunun və Türk Ticarət Mərkəzinin rəhbəri Yılmaz Okuklu çıxış ediblər. Tədbirin moderatoru qismində “Caspian Energy Club International”ın idarəedici direktoru Rasim Mahmudov iştirak edib.

Forum çərçivəsində keçirilən müzakirələr və sual-cavab sessiyasında Maksat Mamıtkanov spiker qismində iştirak edib. Sessiya zamanı Azərbaycan və Qırğızıstan arasında iqtisadi tərəfdaşlığın mövcud vəziyyəti, əməkdaşlığın prioritet istiqamətləri və biznes nümayəndələri üçün yeni imkanlar ətrafında fikir mübadiləsi aparılıb.

Forumun rəsmi proqramının yekununda iştirakçılar üçün Türk Ticarət Mərkəzi ilə tanışlıq məqsədilə “Grand CEO Tour” təşkil edilib. Səfər çərçivəsində qonaqlar mərkəzin fəaliyyəti və biznes mühiti ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Proqramın davamında təşkil olunan ənənəvi networking zamanı iştirakçılar qeyri-rəsmi və səmimi şəraitdə ünsiyyət qurmaq, işgüzar əlaqələrini genişləndirmək və yeni peşəkar tanışlıqlar əldə etmək imkanı qazanıblar. Görüşlər zamanı biznes nümayəndələri qarşılıqlı maraq doğuran əməkdaşlıq istiqamətlərini müzakirə edib, əlaqə məlumatlarını bölüşüb, potensial tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıb və gələcək əməkdaşlığa dair ilkin razılaşmalara gəliblər.

Qeyd edək ki, “AZEXIM FORUM” layihəsi müxtəlif ölkələrin işgüzar dairələri arasında əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı investisiya imkanlarının araşdırılması, ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi və yeni biznes tərəfdaşlıqlarının formalaşdırılması məqsədilə mütəmadi olaraq təşkil olunur. Xatırladaq ki, bundan əvvəl “AZEXIM FORUM” çərçivəsində Meksika, Latviya, Estoniya, Finlandiya və İndoneziyanın rəsmi nümayəndələrinin iştirakı ilə
tədbirlər keçirilib.


“Caspian Energy Holding” haqqında qısa məlumat

İnvestisiya-konsaltinq holdinqi formatında fəaliyyət göstərən“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında birləşmiş bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində konsolidasiya etmək məqsədilə təsis edilmişdir. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.


“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”,“Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”.


“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.


2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.


“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır. Bu strukturun nəzdində idarə olunan və 2034-cü ilə qədər dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.