“Caspian Energy Club” Veysəloğlu Şirkətlər Qrupunun Logistika Mərkəzinə “CEO Tour” təşkil edib

18.02.2025

“Caspian Energy Club”a üzv olan 40-a dək sahibkarlıq subyektinin rəhbəri Veysəloğlu Şirkətlər Qrupuna məxsus Məmmədli qəsəbəsində yerləşən Logistika Mərkəzinə təşkil olunmuş “CEO Tour” çərçivəsində mərkəzin fəaliyyəti ilə yaxından tanış olublar.
“CEO Tour” zamanı sahibkarlara Logistika Mərkəzinin əməliyyat prinsipləri, müasir texnologiyaların tətbiqi və təchizat zəncirinin idarə edilməsi barədə ətraflı məlumat verilib. Tədbir iştirakçıları anbar idarəetmə sistemləri, yüklərin qəbulu və paylanması prosesi ilə tanış olub, logistika sahəsində innovativ həllər barədə məlumat əldə ediblər. Bildirilib ki, Qafqazın ən böyük logistika mərkəzlərindən biri olan Veysəloğlu Logistika Mərkəzi Keyfiyyət idarəetmə və Əməyin mühafizəsi üzrə beynəlxalq İSO 9001 standartlarına layiq görülüb. Logistika Mərkəzi 22 hektar sahəni əhatə edir və bunun 9 hektarında 95 min palet tutumuna malik qapalı anbar yerləşir. Anbarda 20 min növ quru qida və qeyri-qida, 120 çeşid meyvə-tərəvəz, 400 növ soyuq və donmuş məhsullar saxlanılır. Anbar gündəlik 6000 palet mal qəbul edir və 4000 mağazaya məhsul təminatını həyata keçirir.
Sonda “Araz” supermarketlər şəbəkəsinin İdarə Heyətinin sədri Rəşad İbrahimov, Veysəloğlu Şirkətlər Qrupunun Baş icraçı direktorunun müşaviri İlqar Nuri, “Araz” supermarketlər şəbəkəsinin Logistika direktoru Anar Adilzadə, eləcə də “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev və üzvlərinin iştirakı ilə görüş keçirilib. Görüşdə Veysəloğlu Şirkətlər Qrupuna məxsus olan şirkətlər, eləcə də pərakəndə ticarət subyektlərinin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, bu kimi görüşlər və müzakirələr biznes subyektləri arasında əməkdaşlığın inkişafına müsbət təsir göstərir.
Daha sonra Telman Əliyev Anar Adilzadəyə əməkdaşlığa görə sertifikat təqdim edib. Telman Əliyev həmçinin gələcəkdə Veysəloğlu Şirkətlər Qrupuna aid digər müəssisələrdə də “CEO Tour”ların təşkil ediləcəyini vurğulayıb.

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir. Biznes-networking üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. “Caspian Energy Club”ın dəstəyi ilə “Caspian Energy İnternational Media Group” fəaliyyət göstərir və 30-dan çox elektron, çap və onlayn yerli və beynəlxalq media resurslarını idarə edir. “Caspian Energy İnternational Media Group”un fəaliyətinin flaqmanı olan “Caspian Energy” jurnalı dünyanın 70-dən çox ölkəsində yayımlanır.
Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini və Xəzər-Qara Dəniz və Baltikyanı ölkələrini əhatə edir. “Caspian Energy Club”ın həmçinin dünyanın 63 şəhərində rəsmi nümayəndəlikləri və səlahiyyətli nümayəndələri mövcuddur.
“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində “Caspian Energy Club”ın fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas funksiyalarından biri, klubun fəaliyyətinin müxtəlif ölkələrdə idarə edilməsi və “Caspian Energy Club” qrupuna daxil olan bütün xarici ofislər və şirkətlər üçün rəqəmsal iqtisadiyyat, yaşıl energetika, yaşıl maliyyə, rəqəmsal transformasiya, yaşıl və innovativ texnologiyaların tətbiqi sahələrində layihələrin lobbiləşdirilməsi və təşviqi üzrə vahid strateji planın formalaşdırılmasıdır.