DVX-nin rəis müavini Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyasında iştirak edib

12.06.2025

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini Samirə Musayeva “Caspian Energy Club”ın Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyasında iştirak edib.

Dövlət Vergi Xidmətindən bildirilib ki, tədbirdə çıxış edən Samirə Musayeva bu formatda keçirilən görüşlərin dövlət – özəl sektor tərəfdaşlığı baxımından önəmli olduğunu vurğulayıb.

2021-ci ildən vergi orqanlarında sahibkarlıq birlikləri və assosiasiyalarla iş strukturunun fəaliyyət göstərdiyini xatırladan DVX rəisinin müavini biznes nümayəndələri ilə mütəmadi görüşlər keçirildiyini, vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi məqsədilə sahibkarların təkliflərinin diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

Vergi daxilolmaları barədə məlumat verən Samirə Musayeva qeyd edib ki, ötən il dövlət büdcəsinə 15,8 milyard manatdan çox vergi ödənilib. DVX sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta ödənişləri də daxilolmaqla ümumilikdə 22,8 milyard manat həcmində fiskal yığımların təmin edilməsinə nail olub. Bu isə dövlət büdcəsində bütün fiskal ödənişlərin təxminən 77 faizini təşkil edir.

S.Musayeva vergi xidmətinin büdcə gəlirlərini təmin etməklə yanaşı, həm də iqtisadi inkişafa töhfə verdiyini, ölkəyə investisiya qoyuluşlarını stimullaşdıran əsas amillərdən biri kimi əlverişli biznes mühitinin formalaşmasına xidmət etdiyini diqqətə çatdırıb. Bildirib ki, vergi sisteminin daha da təkmilləşdirilməsi sahibkarların yaxından iştirakı ilə mümkün ola bilər. “Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə Strategiyası”nda da müəyyənləşdirilmiş əsas hədəflərdən biri məhz vergiödəyiciləri üçün əlçatan olan və könüllü əməletmə səviyyəsi yüksək vergi sisteminin qurulmasıdır.

Sessiyanın ikinci hissəsi vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı məsələlərə həsr olunub. Tədbir iştirakçılarının qarşılaşdıqları çətinliklərlə bağlı sualları DVX nümayəndələri tərəfindən cavablandırılıb, səsləndirilən bir sıra təkliflər qeydə alınıb və onların dəyərləndiriləcəyi diqqətə çatdırılıb.

“Caspian Energy Holding” haqqında qısa məlumat

“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında fəaliyyət göstərən bütün networking platformalar, media layihələr, forumlar və mükafatlar vahid ekosistem daxilində birləşdirmək məqsədilə təsis edilmişdir.

Bu ekosistem üzərində “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradacaq.

“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir:

“Caspian Energy Club”

“Caspian Energy Club International”

“Caspian Energy Event Group”

“Caspian Energy International Media Group”

“Award Organizers Group”

“Caspian Energy Research Group”

“Caspian Energy Entertainment Group”

“Caspian Energy Jobs”

“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid ekosistem çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. Ekosistemə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.

2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes- networking platformasıdır.

“Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır.

Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.