Bakıda Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyası keçirilib

11.05.2025

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin dəstəyi, Azərbaycan Milli Biznes Assosiasiyası və “Caspian Energy Club”ın birgə təşkilatçılığı ilə Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyası keçirilib.

Tədbirdə qida, yükdaşıma və logistika, tikinti, informasiya texnologiyaları və digər sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektləri iştirak edib.

Forumun əsas məqsədi dövlət-özəl sektor əməkdaşlığını gücləndirmək, biznes mühitindəki aktual məsələləri müzakirə etmək və qarşılıqlı əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparmaq olub.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov və “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev açılış nitqi ilə çıxış ediblər. Forumun dövlət qurumları ilə biznes ictimaiyyəti arasında dialoqu gücləndirərək tənzimləyici strukturlarla qarşılıqlı etimada əsaslanan effektiv əməkdaşlıq mühiti yaratdığı qeyd edilib. Həmçinin ölkədə sağlam və rəqabətli biznes mühitinin formalaşdırılması, keyfiyyət infrastrukturu, dövlət satınalmaları və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində görülən işlər və yeniliklər diqqətə çatdırılıb. Həyata keçirilən tədbirlərin sahibkarlara təqdim etdiyi imkanlar və dövlət-özəl tərəfdaşlığı çərçivəsində qurulan əməkdaşlıq mexanizmləri barədə məlumat verilib, sahibkarlarla birbaşa dialoqun əhəmiyyəti vurğulanıb.

Panel müzakirələri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müşavirləri Cəfər Babayev və İlqar Həsənov, həmçinin agentliyin Aparat rəhbəri Tural İsmayılov sahibkarların suallarını cavablandırıb, irəli sürülən təkliflərə dair fikir mübadiləsi aparıblar.

“Caspian Energy Holding” haqqında qısa məlumat

“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında fəaliyyət göstərən bütün networking platformalar, media layihələr, forumlar və mükafatlar vahid ekosistem daxilində birləşdirmək məqsədilə təsis edilmişdir. Bu ekosistem üzərində “Caspian EnergyClub”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradacaq.

“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir:

* “Caspian Energy Club”
* “Caspian Energy Club International”
* “Caspian Energy Event Group”
* “Caspian Energy International Media Group”
* “Award Organizers Group”
* “Caspian Energy Research Group”
* “Caspian Energy Entertainment Group”
* “Caspian Energy Jobs”

“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid ekosistem çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. Ekosistemə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.
2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.
“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır. Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır