“AZEXIM CLUB”ın TOP-50 üzvü dövlət və hökümət başçıları ilə gorüşəcəklər

10.06.2026

Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişləndirilməsi, milli biznesin beynəlxalq arenada mövqelərinin daha da möhkəmləndirilməsi, ixrac potensialının qlobal bazarlarda daha effektiv təşviqi, eləcə də ölkənin ixrac-idxal əməliyyatlarında fəal iştirak edən xarici şirkətlər və investorlar üçün nəzərdə tutulan “AZEXIM CLUB” platforması rəsmi olaraq fəaliyyətə başlayıb.

“Caspian Energy Club”, Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) və Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi tərəfindən birgə təsis edilmiş “AZEXIM CLUB” Azərbaycanın iqtisadi göstəricilərinə görə aparıcı 50 holdinq və şirkətlər qrupunu (TOP-50) bir çətir altında birləşdirərək onların beynəlxalq bazarlarda sistemli şəkildə təmsil olunmasını təmin edəcək. Klub üzvlərinin xarici tərəfdaşlarla əlaqələrinin genişləndirilməsi, yeni investisiya imkanlarının yaradılması, ixrac və idxal fəaliyyətinin dəstəklənməsi, eləcə də qlobal biznes şəbəkələrinə inteqrasiyasının sürətləndirilməsi layihənin əsas prioritetləri sırasında yer alır.

“AZEXIM CLUB” ölkədə beynəlxalq ticarət əlaqələrinin inkişaf etdirilməsi, idxal-ixrac fəaliyyəti ilə məşğul olan holdinq və şirkətlər qruplarının xarici investisiyalara, əlavə maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, eləcə də etibarlı beynəlxalq tərəfdaşlarla uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması istiqamətində aktiv fəaliyyət göstərəcək.

Həm Azərbaycanda, həm də xarici ölkələrdə ticarət şəbəkələri iri holdinq və şirkətlər qrupları tərəfindən idarə olunur. “AZEXIM CLUB” üzvlərinin dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən və Azərbaycan bazarına daxil olmaq istəyən aparıcı istehsalçılar, distribütorlar və pərakəndə satış şəbəkələri ilə birbaşa əlaqələrinin qurulmasına xüsusi diqqət yetiriləcək. Bu məqsədlə xaricdə istehsal olunan, yüksək keyfiyyət göstəricilərinə və beynəlxalq standartlara cavab verən qida, FMCG və digər məhsul kateqoriyaları üzrə istehsalçılarla “AZEXIM CLUB” üzvləri arasında B2B görüşlərin təşkili nəzərdə tutulur,” - Telman Əliyev bildirib.

Telman Əliyev həmçinin əlavə edib ki, Azərbaycanda fəaliyyət göstərən yerli istehsalçıların məhsullarının beynəlxalq bazarlara çıxışının dəstəklənməsi məqsədilə onların xarici ölkələrin iri ticarət şəbəkələrinin sahibləri, top-menecerləri və satınalma qərarlarını verən rəhbər şəxsləri ilə görüşlərinin təşkili təmin ediləcək.

“AZEXIM CLUB”ın fəaliyyət konsepsiyası yalnız ənənəvi biznes tədbirlərinin təşkili ilə məhdudlaşmayacaq. Platforma üzv şirkətlər üçün yüksək səviyyəli beynəlxalq dialoq imkanları yaradaraq, “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi ölkələrdə dövlət başçıları və hökumət rəhbərləri ilə görüşlərin təşkilini də nəzərdə tutur”, -Telman Əliyev qeyd edib.

Həmçinin “AZEXIM CLUB”a daxil olan və müxtəlif ölkələrdə keçiriləcək beynəlxalq “AZEXIM FORUM” çərçivəsində hökümət nümayəndələri, region və şəhərlərin birinci şəxsləri,  beynəlxalq  təşkilatların  rəhbərlərinin,  transmilli  şirkətlərin,  dövlət  və  özəl holdinqlərin rəhbərləri ilə B2B görüşlərin, dəyirmi masaların və ikitərəfli işgüzar görüşlərin təşkili də planlaşdırılır.

Qeyd edək ki, “AZEXIM Club”a üzvlük yalnız “Caspian Energy Club”ın “DİAMOND” və “PLATINUM” statuslu holdinq və şirkətlər qrupları üçün nəzərdə tutulub.


“Caspian Energy Holding” haqqında qısa məlumat

İnvestisiya-konsaltinq holdinqi formatında fəaliyyət göstərən“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında birləşmiş bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində konsolidasiya etmək məqsədilə təsis edilmişdir. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.


“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”,“Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”.


“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.


2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.


“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır. Bu strukturun nəzdində idarə olunan və 2034-cü ilə qədər dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.