Acarıstan ikinci dəfə “Turizm sektoruna investisiya üçün ən əlverişli region” nominasiyasında “Caspian Business Award” mükafatına layiq görülüb

10.09.2026

“Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) birgə təşkilatçılığı, “Caspian Service” şirkətinin sponsorluğu ilə 2-5 sentyabr 2026-cı il tarixlərində Batumi şəhərinə təşkil olunan “Grand CEO Tour” çərçivəsində Azərbaycan iş adamları və şirkət rəhbərlərindən ibarət nümayəndə heyəti Acarıstan Muxtar Respublikasının hökumətinin başçısı Zurab Pataradze ilə görüşüb.

Sentyabrın 3-də keçirilən görüşdə Azərbaycan və Gürcüstanın özəl sektorları arasında iqtisadi əməkdaşlığın inkişafı, işgüzar əlaqələrin genişləndirilməsi, investisiya imkanları, regionda fəaliyyət göstərən biznes subyektləri üçün yaradılan imkanlar, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində Acarıstan Muxtar Respublikasının hökumətinin başçısı Zurab Pataradzeyə “Caspian Business Award” mükafatı təqdim olunub. Acarıstan Muxtar Respublikası “Turizm sektoruna investisiya üçün ən əlverişli region” (Best Region for Investment in the Tourism Sector) nominasiyasında 1-ci yerə layiq görülüb. Qeyd edək ki, Acarıstan Muxtar Respublikası bu nominasiyada “Caspian Business Award” mükafatına artıq ikinci dəfə layiq görülür. Rasim Mahmudov Zurab Pataradzeyə “Caspian Energy Club”ın fəxri üzv sertifikatını və “Caspian Energy” jurnalının yeni buraxılışlarını təqdim edib. O, hökumətinin başçısına Acarıstan Muxtar Respublikasına həsr olunmuş xüsusi buraxılışın nəşr olunmasını təklif edib.

Görüş zamanı “Caspian Energy Club”ın nümayəndələri Acarıstan Muxtar Respublikasının hökumətinə Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərlik və səmərəli görüş üçün təşəkkürlərini bildiriblər. Tərəflər Azərbaycan və Acarıstan arasında biznes və investisiya əlaqələrinin daha da genişləndirilməsi üçün mövcud imkanları yüksək qiymətləndiriblər.

Həmçinin Acarıstanda "AZEXIM Week" keçirilməsi ilə bağlı planlar da diqqətə çatdırılıb. Bildirilib ki, təşəbbüs çərçivəsində "Caspian Energy Forum", "Grand City Forum", "AZEXIM Forum" və "AzAI Forum" daxil olmaqla bir sıra beynəlxalq biznes və investisiya tədbirlərinin keçirilməsi nəzərdə tutulur.

Sonda “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev Azərbaycan futbolunun inkişafını və idman sahəsində əməkdaşlığın təşviqini simvolizə edən “MyGroup Holding”ə məxsus “Şəfa” futbol klubunun forması Zurab Pataradzeyə təqdim edib.

Qeyd edək ki, 2-5 sentyabr tarixlərini əhatə edən “Grand CEO Tour” proqramı çərçivəsində Azərbaycan nümayəndə heyəti Acarıstanın maliyyə və iqtisadiyyat naziri Ednar Nataridze, Batumi şəhərinin meri Qiorqi Tsintsadze, həmçinin DEİK Türkiyə-Gürcüstan İşgüzar Şurasının sədri Osman Çalışkan Mzhavanadze və assosiasiya üzvləri ilə görüşlər keçirib.

Bununla yanaşı, səfərdə iştirak edən şirkətlərin nümayəndələri potensial yerli biznes tərəfdaşları ilə fərdi B2B görüşlərdə iştirak ediblər. Görüşlər zamanı qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub və gələcək tərəfdaşlıqlar üçün ilkin əlaqələr qurulub.

“Grand CEO Tour” çərçivəsində iş adamları Gürcüstanın Goderdzi dağ-xizək kurortunda keçirilən “Investment Forum”da iştirak edib, Batumi Dəniz Limanını, Nobel Qardaşları Texnologiya Muzeyini və bir sıra istehsal müəssislərini ziyarət ediblər.

“Grand CEO Tour”da “Caspian Energy Club”ın üzvü olan "Amexline", "Azərsun Holding", "Azmetco", "Bureau 19", "Caspian Services", "Certspmc Services Limited", "Debet Safety", "Eight Group", "Liv Hospital", "Sabah Investment Group", "Veyseloglu Group of Companies" və diqər şirkətlərin rəhbərləri və nümayəndələri iştirak edib.


“Caspian Energy Holding” haqqında qısa məlumat

İnvestisiya-konsaltinq holdinqi formatında fəaliyyət göstərən“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında birləşmiş bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində konsolidasiya etmək məqsədilə təsis edilmişdir. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.

“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”,“Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”.

“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.

2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır. Bu strukturun nəzdində idarə olunan və 2034-cü ilə qədər dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli
Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.