“Caspian Energy Club” üzvləri Naxçıvanda “Grand CEO Tour”da iştirak ediblər

17.11.2026

13 noyabr 2026-cı il tarixində “REGES Tikinti Materialları” MMC və Ləzzət Şirkətlər Qrupunun sponsorluğu ilə “Caspian Energy Club”ın üzvləri üçün “Grand CEO Tour” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasına işgüzar səfər təşkil olunub. 


Səfərin əsas məqsədi Naxçıvan sahibkarları ilə “Caspian Energy Club” üzvü olan və Azərbaycanın digər regionlarında fəaliyyət göstərən özəl sektor nümayəndələri arasında “networking”in genişləndirilməsi, yerli müəssisələrlə işgüzar əlaqələrin təşviqi, sahibkarlar arasında təcrübə mübadiləsinin inkişafı və yeni əməkdaşlıq imkanlarını müəyyənləşdirmək olub.


Səfər proqramı “Grand CEO Breakfast” səhər yeməyi ilə başlayıb. Daha sonra nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib.


Səfər çərçivəsində “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev tərəfindən qəbul olunub. Görüş zamanı Naxçıvanın iqtisadi inkişaf perspektivləri, biznes mühitinin təkmilləşdirilməsi, sahibkarlığın inkişafı və qarşılıqlı əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.


Daha sonra Telman Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin müavinləri Tapdıq Əliyev və Müslüm Cabbarzadə tərəfindən qəbul ediliblər. Görüşdə həmçinin Naxçıvanın biznes ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.


Görüş çərçivəsində dəyirmi masa formatında müzakirələr keçirilib. Tərəflər şirkətlərin təkliflərini, Naxçıvanda biznes fəaliyyətinin genişləndirilməsi imkanlarını, regionun iqtisadi və sənaye potensialından səmərəli istifadə yollarını, eləcə də yerli və xarici sahibkarlar arasında əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərini müzakirə ediblər. Sahibkarlar öz təklif və suallarını səsləndirərək qarşılıqlı əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.


Proqramın davamı olaraq, “R Group Holding” şirkətinin icraçı direktoru Abdül Əliyev və “Caspian Energy Club”ın Naxçıvan üzrə nümayəndəsi Hünbət Qəhrəmanovu Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Rafail Quliyev ilə görüşüblər. Görüşdə Naxçıvanın kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi, aqrar sektorun inkişaf perspektivləri və biznes nümayəndələri ilə mümkün əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.


Proqramın növbəti mərhələsində iştirakçılar “REGES Sement” müəssisəsinin istehsalat kompleksi ilə tanış olub, müəssisənin ərazisində yerləşən bir neçə istehsal sahəsinə baxış keçirib, istehsal prosesləri və şirkətin fəaliyyəti ilə yaxından tanışlıq olublar.


Səfər çərçivəsində nümayəndə heyəti, həmçinin “Ləzzət Broyler” MMC və “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC müəssisələrini ziyarət edib. İştirakçılara müəssisələrin istehsal istiqamətləri, fəaliyyət xüsusiyyətləri və istehsal imkanları barədə məlumat verilib.


Günün yekununda “Grand CEO Dinner” təşkil olunub. Tədbirdə biznes dairələrinin nümayəndələri bir araya gələrək qeyri-rəsmi işgüzar ünsiyyət qurub, təcrübə mübadiləsi aparıb və yeni biznes əlaqələrinin formalaşdırılması istiqamətində networking imkanlarından yararlanıblar.


Qeyd edək ki, “Grand CEO Tour” layihəsi “Caspian Energy Club” üzvlərinin müxtəlif regionlarda fəaliyyət göstərən müəssisələrlə birbaşa tanışlığını təmin etmək, şirkətlərarası işgüzar əlaqələri inkişaf etdirmək, təcrübə mübadiləsini gücləndirmək və yeni tərəfdaşlıqların qurulmasına dəstək olmaq məqsədi daşıyır. Layihə çərçivəsində təşkil olunan səfərlər regional iqtisadi potensialın təşviqinə və biznes ictimaiyyəti arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edir.


“Caspian Energy Holding” haqqında qısa məlumat

İnvestisiya-konsaltinq holdinqi formatında fəaliyyət göstərən“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında birləşmiş bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində konsolidasiya etmək məqsədilə təsis edilmişdir. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.


“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”,“Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”.


“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.


2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.


“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır. Bu strukturun nəzdində idarə olunan və 2034-cü ilə qədər dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.