23.10.2025
21 oktyabr 2025-ci il tarixində Bakıda “Central Baltic - Azerbaijan Business Forum and Gala Event” keçirilib.
“LEF Network Azerbaijan” komandası və “Caspian Energy Club” tərəfindən təşkil olunan tədbir Azərbaycan və Mərkəzi Baltik regionuna daxil olan Latviya, Estoniya, Finlandiya və Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişafına həsr olunub.
Forumdan əvvəl iştirakçı şirkətlər arasında bir sıra B2B görüşlər keçirilib. Görüşlərin məqsədi Azərbaycan və Mərkəzi Baltik regionundan olan biznes nümayəndələri arasında birbaşa dialoq yaratmaq, qarşılıqlı maraq doğuran layihələri müzakirə etmək və yeni əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək olub.
Forumda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundziç, Latviya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Edqars Skuya, Estoniya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vayno Reynart, Finlandiyanın Cənubi Qafqaz üzrə səfiri Kirsti Narinen, “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev, Latviyanın Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Katrina Zarina və Satakunta Tətbiqi Elmlər Universitetinin dekanı Hayki Haaparanta açılış nitqi ilə çıxış ediblər. Forumun moderatorluğunu “PowerHouse Latvia” şirkətinin nümayəndəsi Martins Varqulis həyata keçirib.
Telman Əliyev çıxışında Azərbaycan və Mərkəzi Baltik ölkələri arasında əlaqələrin strateji əhəmiyyətini vurğulayaraq bildirib:
“Son üç il ərzində “LEF Network Azerbaijan” layihəsi çərçivəsində çox mühüm işlər görülüb. Bizim həm Latviya, həm Estoniya, həm də Finlandiyadan olan tərəfdaşlarımız bu təşəbbüsə böyük diqqət və həssaslıqla yanaşıblar. Onların həm Azərbaycan şirkətlərinə, həm də öz ölkələrinin biznes nümayəndələrinə göstərdiyi dəstək qarşılıqlı inamın və dostluğun bariz nümunəsidir.
Xüsusilə qeyd etmək istərdim ki, Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Edqars Skuya layihə çərçivəsində keçirilən demək olar ki, bütün tədbirlərdə şəxsi iştirakını təmin etmiş və Azərbaycan-Latviya biznes əlaqələrinin möhkəmlənməsinə yönəlmiş bütün təşəbbüsləri hər zaman dəstəkləmişdir. Bununla yanaşı, layihə çərçivəsində biz Avropa İttifaqının sabiq səfiri cənab Peter Mixalko, eləcə də Finlandiya və Estoniya səfirləri ilə bir sıra məhsuldar görüşlər keçirmişik.
Latviya, Estoniya və Finlandiya şirkətlərinin Azərbaycana, eyni zamanda Azərbaycan şirkətlərinin bu ölkələrə qarşılıqlı səfərləri həm biznes əlaqələrinin genişlənməsinə, həm də xalqlarımızın adət-ənənələrini yaxından tanımağa vəsilə oldu. Biz bir-birimizə daha yaxın və doğma olduq və bu amil, bu layihənin davam etdirilməsinin müzakirəsi üçün əsas yaratdı, yeni imkanlar ortaya qoydu ki, ölkələrimizdən olan şirkətlər bu dialoqu davam etdirsinlər.
Bu gün biz artıq bu layihənin davamı üçün yeni ideyalar və alətlər üzərində çalışırıq ki, şirkətlərimiz bir-biri ilə daha fəal şəkildə əməkdaşlıq etsin, yeni texnologiyaları tətbiq etsin, təcrübə mübadiləsi aparsın və qarşılıqlı ticarət dövriyyəsini artırsınlar.
Əminliklə bildirirəm ki, “LEF Network Azerbaijan” layihəsinin qarşıya qoyduğu məqsədlər 100 faizdən artıq səviyyədə yerinə yetirilmişdir. Layihə hazırda uğurla davam etdirilir və yaxın aylarda daha bir işgüzar səfərin təşkili planlaşdırılır.
Bu gün memorandumları imzalayan şirkətlərdən çox şey asılı olacaq. “Caspian Energy Club” olaraq biz Latviya, Estoniya və Finlandiya şirkətlərini 90% endirimlə “Bear Club” və 50% endirimlə “CEO PLUS Membership” statusları ilə klubun üzvü olmağa dəvət edirik. Əminik ki, bu simvolik üzvlük haqqı onlara “Caspian Energy Club”ın dünyanın 100-dən artıq ölkəsində keçirilən tədbirlərində aktiv iştirak etmək, yeni beynəlxalq əlaqələr qurmaq və gələcək layihələrdə birgə uğurlar qazanmaq imkanı yaradacaq.”
Daha sonra səfir Mariyana Kuyundziçə, səfir Edqars Skuyaya, səfir Vayno Reynarta, səfir Kirsti Narinenə və Azərbaycan Respublikasının Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri cənab Anar Mahərrəmova “Caspian Energy Club”ın fəxri üzvlük sertifikatı təqdim edilib.
Açılış mərasimindən sonra “Azərbaycan və Mərkəzi Baltik regionu arasında gələcək əməkdaşlıq perspektivləri” mövzusunda panel müzakirəsi keçirilib. Müzakirələrdə Rasim Mahmudov, Katrina Zarina, Azərbaycan Respublikasının Estoniya Respublikasındakı fəxri konsulu, estoniyalı ekspert Sven Sester və Hayki Haaparanta iştirak ediblər.
“Azərbaycan və Baltik ölkələri arasında əməkdaşlıq yalnız iqtisadi maraqlarla məhdudlaşmır. Bu əlaqələr innovasiya, texnologiya və təhsil sahələrində bilik mübadiləsini gücləndirən, həmçinin regionda uzunmüddətli tərəfdaşlıqların möhkəmlənməsinə imkan yaradan dostluğun və qarşılıqlı etimadın təzahürüdür. Hər bir ortaq layihə bizə qarşılıqlı inamı artırmaq, yeni imkanları sınaqdan keçirmək və strateji perspektivləri genişləndirmək üçün fürsət verir. Biz inanırıq ki, bu əməkdaşlıq həm dövlət, həm də özəl sektor üçün dayanıqlı faydalar gətirəcək və regionun inkişafına töhfəsini verəcək”, - deyə Rasim Mahmudov çıxışında qeyd edib.
Forum çərçivəsində Latviyanın Ticarət və Sənaye Palatasının Avropa İttifaqı layihələri departamentinin direktoru Liqa Sıçeva “Mərkəzi Baltik regionu və Azərbaycan arasında müsbət və uzunmüddətli təsirə malik layihə” mövzusunda əsas məruzə ilə çıxış edib. Ardınca “Azərbaycan və Mərkəzi Baltik uğur hekayələri” adlı video nümayiş etdirilib.
Tədbirin ən vacib hissələrindən biri “Central Baltic & Azerbaijan” əməkdaşlıq memorandumların imzalanma mərasimi olub. “Caspian Energy Club” ilə Estoniya Ticarət və Sənaye Palatası, Latviya Ticarət və Sənaye Palatası, eləcə də Satakunta Tətbiqi Elmlər Universiteti arasında ayrı-ayrılıqda üç sənəd imzalanıb.
Azərbaycan tərəfindən sənədləri Telman Əliyev, Latviya tərəfindən səfir Edqars Skuya və xanım Katrina Zarina, səfir Kirsti Narinen və cənab Hayki Haaparanta, Estoniya tərəfdən isə səfir Vayno Reynart imzalayıblar.
Forumun rəsmi hissəsi başa çatdıqdan sonra iştirakçılar üçün “Gala & Networking event” gecəsi təşkil olunub. Tədbir Liqa Sıçeva və tərəfdaşların açılış nitqləri ilə başlayıb. Gecə Latviya məşhur müğənnisi və bəstəkarı, 2017-ci ildə Ukraynanın Kiyev şəhərində təşkil edilmiş Avroviziya mahnı müsabiqəsinin iştirakçısı olan “TrianasParks” pop-rok qrupunun solisti və “Constellation” agentliyinin yaradıcısı və kreativ direktoru Aqnese Rakovskanın musiqi proqramı ilə davam edib. Daha sonra qonaqlar üçün “Primavera String Quartet”in ifasında Azərbaycan və Baltik melodiyalarının sintezindən ibarət musiqi proqramı və “Nərgiz” rəqs qrupunun çıxışı təqdim olunub.
Tədbir iştirakçıları forumun həm peşəkar müzakirələr, həm də qeyri-rəsmi ünsiyyət baxımından yüksək səviyyədə təşkil olunduğunu vurğulayıblar.
“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında fəaliyyət göstərən bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində birləşdirmək məqsədilə təsis edilmişdir. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.
“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”, “Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”.
“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.
2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.
“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır. Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.