25 noyabr 2025-ci il tarixində Estoniyanın paytaxtı Tallinndə “Caspian Energy Club”ın rəsmi
tərəfdaşlığı ilə həyata keçirilən "LEF Network Azerbaijan" layihəsi çərçivəsində Azərbaycan,
Latviya, Estoniya və Finlandiya arasında biznes əlaqələrinin inkişafına həsr olunmuş
“Beynəlxalq biznes forum: Azərbaycan diqqət mərkəzində - yeni biznes fürsətlər” adlı
genişmiqyaslı forum keçirildi. İşgüzar dairələrin, dövlət qurumlarının, Mərkəzi Baltikyanı
regionunun aparıcı iqtisadi və diplomatik institutlarının iştirakı ilə baş tutmuş tədbir
çərçivəsində regional əməkdaşlığın gələcək inkişafı müzakirə edildi.
Tədbir Estoniyanın Ticarət və Sənaye Palatasının baş direktoru Mait Paltsın açılış nitqi ilə işinə
başladı. Daha sonra Estoniya İqtisadiyyat və Kommunikasiya Nazirliyinin Baş katibi Ahti
Kuninqas, Azərbaycanın Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov və
Estoniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vayno Reynart çıxış edərək
regional iqtisadi inteqrasiyanın əhəmiyyətini, tərəfdaş ölkələrin qarşılıqlı maraqlarını və
gələcək əməkdaşlıq üçün mövcud imkanları dəyərləndirdilər.
Daha sonra “Caspian Energy Club Europe”un sədri Rasim Mahmudov “Azərbaycan
iqtisadiyyatı rəqəmlərdə” mövzusunda əsas məruzə ilə çıxış edərək ölkənin makroiqtisadi
göstəricilərini, son illərdə formalaşan dayanıqlı iqtisadi dinamikanı, əlverişli investisiya
mühitini və qeyri-neft sektorunda genişlənən potensialı dinləyicilərin nəzərinə çatdırdı. O,
həmçinin “Caspian Energy Club”ın fəaliyyəti, təqdim etdiyi imkanlar, sahibkarlara müxtəlif
ölkələrin şirkətlərinin Azərbaycanda tərəfdaş tapması, bazara daxil olması və korporativ
əlaqələr qurması üçün yaratdığı geniş imkanlar haqqında ətraflı məlumat verdi.
Latviya Ticarət və Sənaye Palatasının Avropa İttifaqı Layihələri departamentinin direktoru
Liqa Sıçeva “LEF Network Azerbaijan” layihəsinin nəticələrini nümayiş etdirərək Azərbaycan,
Latviya, Estoniya və Finlandiya biznesləri arasında əməkdaşlığı gücləndirməyə yönəlmiş
təşəbbüslərin uğurlarını, şirkətlərarası inteqrasiyanın dinamik artımını əks etdirən xüsusi
videonu iştirakçıların diqqətinə çatdırdı.
Mərkəzi Baltik ölkələri və Azərbaycan arasında yeni biznes imkanlarına həsr olunan ilk panel
əsnasında Azərbaycan-Baltik biznes münasibətlərinin inkişaf perspektivləri, ticarət
dövriyyəsinin artırılması üçün yeni sahələr, startap ekosistemi daxilində tərəfdaşlıq formatları
və mövcud uğulu layihələr müzakirə edildi.
“Süni intellektin beynəlxalq əməkdaşlığın artırılmasındakı rolu” mövzusunda keçirilən ikinci
paneldə iştirakçılar süni intellekt texnologiyalarının dövlət idarəetməsində, sənayedə, startap
mühitində və biznes proseslərində yaratdığı geniş və transformativ imkanları vurğuladılar.
Forum iştirakçıların qarşılıqlı maraq doğuran mövzular ətrafında apardıqları geniş
müzakirələrlə tamamlandı.Xatırladaq ki, “Caspian Energy Club International” “European Union Central Baltic” proqramı
çərçivəsində yaradılmış “LEF Network Azerbaijan” layihəsinin rəsmi tərəfdaşı seçilib. Üçillik
“LEF Network Azerbaijan” layihəsi Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında
iqtisadi əməkdaşlığın inkişafına yönəlib. 2023-cü ildən başlayan layihə 3 il ərzində yaşıl
texnologiyalar, informasiya texnologiyaları və təhsil sektorlarında fəaliyyət göstərən şirkətlərə
dəstək verəcək. Bu layihə çərçivəsində 36 ay ərzində Finlandiya, Estoniya, Latviya və
Azərbaycan şirkətləri arasında İKT, yaşıl texnologiyalar və təhsil sahəsində müqavilələrin
imzalanması planlaşdırılır. Layihənin aparıcı tərəfdaşları Latviya Ticarət və Sənaye Palatası,
Estoniya Ticarət və Sənaye Palatası və Finlandiyanın Satakunta Tətbiqi Elmlər Universitetidir.
“Caspian Energy Holding” haqqında qısa məlumat
“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında fəaliyyət göstərən
bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz"
ekosistemi daxilində birləşdirmək məqsədilə təsis edilmişdir. "Milli.Biz" ekosistemi əsasında
“Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli
Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq
imkanı yaradılacaq.
“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”,
“Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy
International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research
Group”, “Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”.
“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal-
hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər
xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq
proqramı da tətbiq ediləcək.
2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən
yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən
5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking
platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas
məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər
ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.
“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq
layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar
əsasında idarə etmək məqsədilə yaradılmışdır. Bu strukturun nəzdində idarə olunan və yaxın
7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli
Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan
sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq
bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol
oynayan vahid işgüzar platformadır.