Hər ilin üçüncü ayının, üçüncü həftəsinin, üçüncü günü “Caspian Energy Club”ın İdarə Heyətinin yeni tərkibi seçilir, yalnız 4 ildən bir keçirilən seçkilər fevralın 29-da təşkil olunur.
Hər ilin üçüncü ayının, üçüncü həftəsinin, üçüncü günü “Caspian Energy Club”ın İdarə Heyətinin yeni tərkibi seçilir, yalnız 4 ildən bir keçirilən seçkilər fevralın 29-da təşkil olunur. Bu il “Caspian Energy Club”ın İdarə Heyətinin üzvlərinin növbəti seçkiləri fevralın 29-da başlayıb və iki gün davam edib. Ümumi səslərin sayı 1059 təşkil edib. Onlardan 971 səs anket formatında, 88-i isə onlayn formatda baş tutub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Caspian Energy Club”ın sədrinin birinci müavini və qrupun baş maliyyə direktoru Rasim Mahmudov məlumat verib.
Rasim Mahmudovun sözlərinə görə, ikigünlük səsvermə nəticələrinə əsasən “Caspian Energy Club”ın yeni İdarə Heyətinə Telman Əliyev (“Caspian Energy Club”), Zərifə Həmzəyeva (“Gazelli Group”), Rəşad Abbasov (ASE şirkətlər qrupu), Natiq Paşayev (“Caspel”), Fariz Sultan-Əhmədi (“By Mygroup Holding”), İlqar Nuriyev (“Veysəloğlu”), Əsəd Nəsrullayev (“Debet Safety”) və Səbinə Əliyeva (GHRS) daxil olublar.
“Seçkilərin yüksək səviyyədə və şəffaf keçirilməsini təmin etdiklərinə görə “FCHAİN Corporation”a və şəxsən baş direktor müavini Valid Hüseynova təşəkkürümü bildirirəm. Qeyd edim ki, seçkilər zamanı nəticələrin hesablanmasını beynəlxalq standartlara uyğun olaraq təmin etdilər. İdarə Heyətinin sədri vəzifəsinə 319 (30,12 faiz) səs sayı ilə Telman Əliyev seçilib. Yaxın vaxtlarda İdarə Heyətinin üzvlərinin ilk iclasının keçiriləcəyi gözlənilir. İclas çərçivəsində qurumun növbəti il üçün fəaliyyət strategiyası, eləcə də qısa və uzunmüddətli hədəfləri müəyyən ediləcək. Həmçinin “Caspian Energy Club”ın yeni İdarə Heyətinin ilk iclası çərçivəsində komitələrin, işçi qrupların və regional nümayəndəliklərin rəhbərləri də təyin olunacaq”, - deyə Rasim Mahmudov bildirib.
Onun sözlərinə görə, ötən il çox uğurlu, pozitiv və səmərəli keçib: “1 il ərzində biz dünyanın 20 ölkəsində 150-dən çox tədbir təşkil etdik. 2023-cü il Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunduğu üçün Azərbaycandakı 100-cü tədbiri təntənəli sürətdə Gülüstan sarayında keçirdik. Ümidvaram ki, biz yeni ildə də “Caspian Energy Club”da mövcud olan ailə mühitini, müsbət ab-havanı, yüksək intensivliyi, səmimi, səmərəli və müsbət netvörkinq imkanlarını qoruyub saxlaya biləcəyik”.
“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvörkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun, həmçinin Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Çexiya, Almaniya, Polşa, Qırğızıstan, Böyük Britaniya, Macarıstan, Latviya, Estoniya, Finlandiya, Avstriya, BƏƏ-də rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədilə yaradılıb. 5 il ərzində “Caspian Energy Club” International dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas funksiyalarından biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.