İyunun 12-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "Caspian Energy Club"ın birgə təşkilatçılığı ilə "B2G Forum" keçirilib. Dövlət və özəl şirkət nümayəndələrinin qatıldığı forumda "Əmlakın qeydiyyatı və icarəsi" İşçi Qrupu tərəfindən ötən dövr ərzində görülmüş işlər, "Business Ready" hesabatı üzrə özəl sektor nümayəndələrinə təqdim edilmiş sorğu anketlərində cavablar müzakirə olunub və bu istiqamətdə sahəvi maarifləndirmə aparılıb.
"Caspian Energy Club"ın Sədri və Qrupun Baş İcraçı Direktoru Telman Əliyev "B2G Forum"u giriş sözü ilə açaraq görüşün məqsədi barədə məlumat verib, forumun biznes qarşısında duran məsələlərin müzakirəsi baxımından faydalı olduğunu qeyd edib.
Daha sonra “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı İnformasiya Sistemi”nin yaradılması və əmlakın qeydiyyatında yeni islahatlar, “Business Ready” hesabatının metodologiyasına əsasən “Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı)” indikatoru mövzularında çıxış edib.
Bu cür platformalarda müzakirə edilən məsələlərin biznes mühitinin inkişafı istiqamətində təkmilləşdirilməsində mühüm rol oynadığını vurğulayan Elşad Məmmədov qeyd edib ki, dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi sahibkarlığa dəstək, o cümlədən daşınmaz əmlak bazarının canlanmasına mühüm töhfə verəcək.
Forumda sahibkarları maraqlandıran əsas məsələlər müzakirə edilib, iştirakçıların təklifləri dinlənilib, sualları cavablandırılıb. Tədbir zamanı səsləndirilən bir sıra təkliflər qeydə alınıb, dövlət-biznes əməkdaşlığının bundan sonra da davam etdiriləcəyi vurğulanıb.