Türkiyədə beynəlxalq “Caspian Energy Investment Forum Istanbul 2023” keçirilmişdir

08.05.2023

30 aprel 2023-cü il tarixində "Caspian Energy Club" və "Caspian Energy Türkiye"nin birgə təşkilatçılığı ilə 14-cü beynəlxalq “Caspian Energy Investment Forum Istanbul 2023” keçirilmişdir. Forum 20 ölkədə planlaşdırılan və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində baş tutmuşdur. Bu barədə "Caspian Energy Türkiye"nin İdarə Heyətinin sədri Süleyman Məcidli bildirilib.

Forumda Azərbaycan və Türkiyənin energetika sahəsindəki rolu, Xəzər, Qara və Baltik dənizlərin enerji potensialı müzakirə olunmuşdur. "Caspian Energy Investment Forum Istanbul 2023"ün çərçivəsində Türkiyənin inkişaf modeli, alternativ və bərpa olunan enerjinin istifadəsi, rəqəmsal transformasiya, Türkiyə iqtisadiyyatında aparılan islahatların müsbət nəticələri, Azərbaycandan və digər ölkələrdən olan "Caspian Energy Club" üzvlərinin, şirkət və təşkilatların Türkiyədə sərmayə yatırmaq və biznes qurmaq imkanların araşdırılması və bu kimi bir sıra mövzular da həmçinin müzakirə olunmuşdur.Forumun açılışında çıxış edən Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Rəşad Məmmədov, Azərbaycan və Türkiyənin dünyada xüsusi rol oynayan ölkələr sırasında olduqlarını qeyd etdi. “Ölkələrimiz birgə nəhəng layihələr həyata keçirir.

İki ölkə arasındakı ticarət dövriyyəsinin həcmini 15 milyard ABŞ dolları səviyyəsinə çatdırmaq qarşımızdakı əsas hədəflərdəndir", - deyə cənab səfir əlavə etdi. Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Cahit Bağcı isə iki ölkə arasındakı münasibətlərinin Türk Dövlətləri Təşkilatı çərçivəsində xüsusi önəm daşıdığını bildirdi.

Türk dövlətləri arasındakı ticarət dövriyyəsinin 37 milyard ABŞ dolları olduğunu diqqətə çatdıran Cahit Bağcı, gələcəkdə türk dövlətlərinin qarşılıqlı ticarət əlaqələrinin gücləndirilməsinin vacibliyini vurğuladı. Forum əsnasında Azərbaycanın energetika sahəsindəki gücünün açıq şəkildə bir daha ifa edilməsi və iki ölkə arasında mövcud olan əlaqələrin nə qədər önəmli olduğunu qeyd edən cənab səfir, həmçinin, Azərbaycanın 2020-ci ilin sentyabr ayına kimi müharibə halında olan ölkə olmasına baxmayaraq, Türkiyədə gerçəkləşən Bakı-Tiflis-Ərzurum, Bakı-Tiflis-Qars, Bakı-Tiflis-Ceyhan, TANAP, Petkim kimi layihələrə çox böyük yatırımlar edərək, Türkiyədə çox saylı iş yerlərin açılmasında böyük rol oynadığını xüsusi vurğuladı."Qeyd edim ki, 28 fevralda Tiflisdə və 22 martda Praqada keçirilən forumlarla yanaşı, İstanbul forumu sayca 3-cü oldu.

"Caspian Energy Club"ın növbəti forumu 17 may tarixində Daşkənd şəhərində baş tutacaq", - "Caspian Energy Türkiye"nin Idarə Heyətinin sədri Süleyman Məcidli bildirdi. Onun sözlərinə görə, İstanbulda keçirilən forumun məqsədi daha öncə atılan "qardaşlıq və ticari körpülərin" daha da gücləndirilməsi və sayının artırılmasıdır. S. Məcidli forumun təşkilində göstərdikləri yüksək dəstəyə görə Azərbaycanın Türkiyədəki Səfirliyi, Türkiyənin Azərbaycandakı Səfirliyi və Türkiyənin iş qurumlarına  dərin təşəkkürünü bildirdi.Forum çərçivəsində SOCAR Türkiye, Paşa Bank, KOLİN və Prokon şirkətlərinə beynəlxalq "Caspian Business Award" mükafatının təqdim etmə mərasimi də keçirilmişdir. Həmçinin forumda DEİK ilə "Caspian Energy Club" arasında tərəfdaşlıq memorandumu imzalanmışdır.

Beynəlxalq forumda Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Rəşad Məmmədov, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Cahit Bağcı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur Nazirliyinin əməkdaşları və iki ölkənin digər dövlət və özəl sektorunun  nümayəndələri iştirak etmişlər.Forum çərçivəsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki həyata keçirilən yenidənqurma və bərpa işləri, həmçinin xarici şirkətlərin bu layihələrə marağının artırılması da müzakirə olunmuşdur. "Caspian Energy Club" dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır.
 
Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan "Caspian Energy Club"ın əsas məqsədi Azərbaycanda və "Caspian Energy Club"ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.Biznes-networking üçün beynəlxalq platforma olan "Caspian Energy Club" mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən "Caspian Energy Club"ın Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Çexiya, Israil, Almaniya, Polşa, Slovakiya, BƏƏ-də rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.