İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə B2G forum təşkil edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Caspian Energy Club-un birgə təşkilatçılığı ilə B2G (Biznesdən Dövlətə) forumu keçirilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Caspian Energy Club-un birgə təşkilatçılığı ilə B2G (Biznesdən Dövlətə) forumu keçirilib. B2G forum Caspian Energy Club tərəfindən 20 ölkədə planlaşdırılan və Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev-in 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində baş tutub. Bu barədə Caspian Energy Club-un İdarə Heyətinin sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib. 


B2G forumda Dövlət Xidmətinin rəisinin müavinləri Cəfər Babayev və İlqar Həsənov, Xidmətinin Aparat rəhbəri Tural İsmayılov, həmçinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov spiker qismində iştirak edərək forum iştirakçılarına qurumun fəaliyyət istiqamətləri barədə məlumat veriblər. Görüşə qatılan iştirakçılar rəqabət, texniki tənzimləmə, standartlaşdırma, metrologiya, keyfiyyətin idarəedilməsi, istehlakçıların hüquqlarının müdafiəsi sahəsində dövlət siyasəti və digər məsələlər haqqında geniş məlumat əldə ediblər. "Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsas məqsədi güclü və dayanıqlı rəqabət mühiti formalaşdıraraq sahibkar-istehlakçı münasibətlərini tənzimləmək, əhaliyə keyfiyyətli məhsul və xidmətlərin təqdim olunmasını təmin etmək, inhisarçılığın qarşısını almaq və fəaliyyət istiqamətləri üzrə şəffaflığı və operativliyi təmin etməklə ölkə iqtisadiyyatının gücləndirilməsinə nail olmaqdır.


 Bu baxımdan dövlət sektoru və sahibkarlar arasındakı tərəfdaşlıq və dialoq mühüm rol kəsb edir. Caspian Energy Club-un rəhbərliyinə bu təşəbbüsü yaratdıqları üçün dərin təşəkkürümü bildirir, bu istiqamətdə apardıqları fəaliyyətlərində uğur arzu edirəm", - görüşdə çıxış edən Cəfər Babayev qeyd edib. O, həmçinin Dövlət Xidməti tərəfindən sağlam biznes rəqabətinin aparılması ilə bağlı həyata keçirilən tədbirlər, habelə Milli Məclisdə ikinci oxunuşda qəbul olunan Rəqabət Məcəlləsinin yeni layihəsi barəsində məlumat verib. B2G forumda Əhməd Həsənov “Dövlət satınalmaları haqqında” yeni Qanunun üstünlükləri, Qanunla nəzərdə tutulan yeniliklər və nəzarət mexanizmləri barədə geniş təqdimatla çıxış edib. Sual-cavab sessiyası ilə davam edən görüş əsnasında sahibkarları maraqlandıran suallar cavablandırılıb və ikitərəfli müzakirələr aparılıb. Telman Əliyev B2G forumda iştirak edən fəxri qonaqlara dövlət qurumu ilə klub arasında açıq dialoq və əməkdaşlığın genişləndirilməsində yaradılan imkana görə dərin təşəkkürünü bildirib. 


Tədbir iştirakçıların qeyri-rəsmi ünsiyyət və layihələrin müzakirəsi üçün yaradılmış networking hissəsi ilə davam edib. Sonda Caspian Energy Club-a yeni üzv olan şirkətlərin nümayəndələrinə üzvlük sertifikatları təqdim edilib. Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir. Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.


 Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Çexiya, Israil, Almaniya, Polşa, Slovakiya, BƏƏ-də rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var. Caspian Energy Club International 2023-cü ildə Caspian Energy Club-un beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində Caspian Energy Club International dünyanın 100 ölkəsində klubun fiziki ofislərini yaratmağı planlaşdırır. Caspian Energy Club International-ın əsas funksiyalarından biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.