Milli Biznesin İnkişafı Forumunda gömrük islahatları və biznesə təsiri müzakirə edilib

09.04.2026

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin dəstəyi, “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) birgə təşkilatçılığı ilə #bizislahatlarahazırıq şüarı altında Milli Biznesin İnkişafı Forumunun XIV xüsusi sessiyası təşkil edilib.

Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyası 8 aprel tarixində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin inzibati binasında baş tutub. Tədbirdə müxtəlif sahələri təmsil edən şirkət sahibləri, rəhbər şəxslər, eləcə də İdarə Heyətinin üzvləri iştirak ediblər. Sessiyanın keçirilməsində əsas məqsəd biznes nümayəndələrinin mövcud sual və təkliflərinin müzakirəsi, onların operativ şəkildə cavablandırılması və dövlət-biznes dialoqunun daha da inkişaf etdirilməsi olub.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırovun iştirakı ilə keçən sessiyanın birinci hissəsi çərçivəsində iştirakçılar gömrük sahəsində mövcud prosedurlar, tətbiq edilən yeniliklər, həmçinin biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar barədə fikirlərini bölüşüblər.

Forumun ikinci hissəsində isə sahibkarların suallarını Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov cavablandırıb.

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bildirib ki, gömrük-biznes münasibətlərinin tərəfdaşlıq prinsipləri əsasında qurulması, biznes subyektlərinin məmnunluğunun təmin edilməsi gömrük xidmətinin əsas strateji hədəflərindən biridir. Bu məqsədlə gömrük orqanları müxtəlif platformalarda sahibkarlarla səmərəli, işgüzar dialoqun qurulmasına, gömrük sistemində tətbiq ediləcək yeniliklərin, layihələrin biznes nümayəndələri ilə birlikdə müzakirə edilərək onların təklif və rəylərinin öyrənilməsinə xüsusi önəm verir.

Telman Əliyev çıxışında Dövlət Gömrük Komitəsinin rəhbərliyinə, xüsusilə Şahin Bağırova göstərilən diqqət və dəstəyə görə təşəkkürünü bildirib, qurumun biznes ictimaiyyəti ilə açıq və konstruktiv dialoqa daim hazır olduğunu vurğulayıb.

“Dövlət Gömrük Komitəsi sahibkarların müraciətlərinə həssas yanaşan, onların problemlərinin həlli istiqamətində operativ addımlar atan qurumlardan biridir. Biz Komitə rəhbərliyinə, xüsusilə cənab Şahin Bağırova biznes nümayəndələri ilə birbaşa ünsiyyətə verdiyi önəmə görə təşəkkür edirik. Qeyd etmək istərdim ki, Dövlət Gömrük Komitəsi ilə “Caspian Energy Club” arasında ikitərəfli işçi qrup fəaliyyət göstərir. Həmin işçi qrupu çərçivəsində sahibkarları narahat edən və maraqlandıran məsələləri, eləcə də təklifləri birlikdə müzakirə edir, effektiv həll yolları üzərində işləyirik. Bu prosesdə Dövlət Gömrük Komitəsinin davamlı dəstəyini hiss edirik. Həmçinin hökümət tərəfindən yaradılan bir sıra işçi qruplarda “Caspian Energy Club”ın üzvü olan şirkıət sahibləri və rəhbərləri Dövlət Gömrük Komitəsinin rəhbər heyəti ilə sıx əməkdaşlıq edir. Xüsusi ilə Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının işçi qruplarının yüksək effektivliyini qeyd etmək istərdim. Bu
cür açıq dialoq mühiti sahibkarların fəaliyyətinin daha da genişlənməsinə və ümumilikdə ölkədə biznes mühitinin inkişafına mühüm töhfə verir”, - Telman Əliyev bildirib.

Tədbir çərçivəsində iştirakçılar tərəfindən səsləndirilən təkliflər qeydə alınıb və Dövlət Gömrük Komitəsi tərəfindən nəzərdən keçirilməsi üçün təqdim olunub. Eyni zamanda, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun tərəfindən iştirakçıları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.

180 dəqiqə davam edən xüsusi sessiyanın sonunda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırova “Caspian Energy Club”ın fəxri üzvlüyünə dair sertifkat təqdim olunub.

Forum ənənəvi networking hissəsi ilə başa çatıb və bu hissə çərçivəsində iştirakçılar arasında işgüzar əlaqələrin genişləndirilməsi və yeni tərəfdaşlıq imkanlarının dəyərləndirilməsi üçün münbit şərait formalaşıb.


“Caspian Energy Holding” haqqında qısa məlumat

İnvestisiya-konsaltinq holdinqi formatında fəaliyyət göstərən“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında birləşmiş bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində konsolidasiya etmək məqsədilə təsis edilmişdir. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa iləİqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.


“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”,“Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”.


“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.


2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” bizneshökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.


“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır. Bu strukturun nəzdində idarə olunan və yaxın 
7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.