29.04.2026
28 aprel tarixində Azərbaycan Respublikasının Dövlət Vergi Xidmətinin dəstəyi, “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) birgə təşkilatçılığı ilə #bizislahatlarahazırıq şüarı altında Milli Biznesin İnkişafı Forumunun XVI xüsusi sessiyası keçirilib.
Xüsusi sessiya sahibkarlıq subyektlərini maraqlandıran aktual sualların və təkliflərin müzakirəsinə həsr olunub. Müzakirələr çərçivəsində biznes nümayəndələri vergi siyasətində aparılan yeniliklər, biznes mühitinin təkmilləşdirilməsi, qanunvericilikdə həyata keçirilən islahatlar, eləcə də rəqəmsal vergi inzibatçılığı sisteminin tətbiqi və onun praktik icrası zamanı yaranan çətinliklər barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda, sahibkarlığın davamlı inkişafına dəstək mexanizmlərinin gücləndirilməsi, şəffaflıq prinsipinin daha da möhkəmləndirilməsi və dövlət-özəl sektor arasında dialoqun inkişaf etdirilməsi məsələləri də geniş şəkildə müzakirə olunub.
Sessiyanın fəxri qonağı qismində Samirə Musayeva iştirak edib. O, sahibkarların ünvanladığı sualları cavablandıraraq, vergi sahəsində həyata keçirilən kompleks islahatlar, rəqəmsal transformasiya istiqamətində atılan addımlar və gələcək inkişaf prioritetləri barədə geniş məlumat verib. Bildirib ki, vergi siyasətində əsas məqsəd biznes üçün daha proqnozlaşdırıla bilən və şəffaf mühitin formalaşdırılması, könüllü əməletmənin təşviqi və sahibkarlarla əməkdaşlıq modelinin gücləndirilməsidir. Qeyd edib ki, Vergi Məcəlləsində son dəyişikliklərin əsas məqsədi biznes mühitinin stimullaşdırılması, sahibkarlığın inkişafı və iqtisadiyyatın “ağarması” prosesinin sürətləndirilməsidir. Həmçinin vurğulayıb ki, DVX tərəfindən sahibkarlığın inkişafına hərtərəfli dəstək göstərilir və vergi inzibatçılığında tətbiq olunan rəqəmsal həllər bu prosesi daha da asanlaşdırır.
DVX-nin dövlət maliyyə sistemindəki roluna toxunan Samirə Musayeva bildirib ki, dövlət büdcəsinin fiskal yığımlarının 79,1 faizi məhz DVX tərəfindən təmin olunur. Qeyd edib ki, büdcə dayanıqlığının təmin edilməsi fəaliyyətin əsas istiqamətlərindən biri olsa da, DVX tərəfindən sahibkarlığın inkişafına hərtərəfli dəstək göstərilir.
Regionların inkişafı və investisiya imkanlarına toxunan Samirə Musayeva Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramının yaratdığı yeni imkanları da qeyd edib. Bildirib ki, işğaldan azad edilmiş ərazilər üçün nəzərdə tutulan vergi güzəştlərinin Naxçıvana da şamil edilməsi regionda biznesin aktivliyinin artırılması üçün mühüm stimul yaradır. Rəis müavini sahibkarları bu imkanlardan yararlanaraq həmin ərazilərə investisiya qoymağa çağırıb.
Tədbirdə həmçinin Dövlət Vergi Xidmətinin Rəqəmsal vergi inzibatçılığı Baş İdarəsinin rəisi Zaman Məmmədov, Vergi öhdəliklərinin icrasına nəzarət Baş İdarəsinin rəisi Eldar Babazadə, Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov, Beynəlxalq vergitutma və vergi monitorinqi Baş İdarəsinin rəis müavini Səbinə Mirzəyeva, Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət Baş İdarəsinin Qarşılıqlı əməliyyatların təhlili şöbəsinin rəisi Rəşad Şabanov spiker qismində iştirak ediblər.
Sessiya çərçivəsində çıxış edən Telman Əliyev göstərilən yüksək diqqət və sahibkarların müraciətlərinə operativ və çevik yanaşmaya görə Azərbaycan Respublikasının Dövlət Vergi Xidmətinə dərin təşəkkürünü ifadə edib. Telman Əliyev xüsusilə vergi orqanları ilə biznes nümayəndələri arasında açıq və şəffaf dialoq mühitinin formalaşdırılmasını, problemlərin yerində dinlənilərək çevik şəkildə həllinə yönəlmiş yanaşmanı yüksək qiymətləndirib və bu əməkdaşlıq modelinin davamlı inkişaf üçün mühüm baza yaratdığını vurğulayıb.
Sessiya rəsmi hissədən sonra qeyri-rəsmi networking formatında davam edib. Bu mərhələdə iştirakçılar arasında qarşılıqlı tanışlıq, işgüzar əlaqələrin genişləndirilməsi, gələcək əməkdaşlıq imkanlarının dəyərləndirilməsi və birgə investisiya layihələrinin ilkin müzakirəsi həyata keçirilib. Eyni zamanda, biznes nümayəndələrinə Dövlət Vergi Xidmətinin əməkdaşları ilə birbaşa ünsiyyət qurmaq imkanı yaradılıb. Sahibkarlar onları maraqlandıran sualları qeyri- rəsmi mühitdə ünvanlayaraq operativ cavablar alıblar və praktik məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Sessiyanın sonunda DVX nümayəndələri forum iştirakçılarının suallarını cavablandırıb və təkliflərini dinləyiblər.
“Caspian Energy Holding” haqqında qısa məlumat
İnvestisiya-konsaltinq holdinqi formatında fəaliyyət göstərən“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında birləşmiş bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində konsolidasiya etmək məqsədilə təsis edilmişdir. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa iləİqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100- dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.
“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”,“Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”.
“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal- hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.
2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” bizneshökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzarmühitin yaxşılaşdırılmasıdır.
“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır. Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.