“Caspian Energy Holding” qeyri-profil layihələrində 80 %-ə qədər iştirak payını satışa çıxarıb

24.06.2026

“Caspian Energy Holding” bir sıra beynəlxalq forum və platformalarında iştirak paylarının strateji tərəfdaşlar üçün açıq olduğunu elan edir.

“Caspian Energy Holding” səhmdarlarının qərarına əsasən, regionda iqtisadi dialoq və hökümət-biznes arasında aparıcı networking platformaları olan “AZEXIM FORUM”, “Caspian Innovation Forum”, “Caspian Investment Forum”, “Grand City Forum”, “Caspian Transport Forum”, “Caspian Industry Forum”, “Caspian Agroindustry Forum”, “Caspian FMCG Forum” və “Milli Maliyyə Əlçatanlığı Forumu” kimi irimiqyaslı layihələrə yeni strateji tərəfdaşların cəlb olunması nəzərdə tutulur. Bu platformaların bir qismi uzun illərdir ki, dövlət strukturları, özəl sektor, beynəlxalq təşkilatlar, investorlar və ekspertlər arasında açıq və konstruktiv dialoqun formalaşmasına, digər qismi isə son illərdə fəaliyyətə başlamasına baxmayaraq qısa müddətdə geniş nüfuz qazanaraq biznes-hökümət (B2G) münasibətlərinin yeni səviyyəyə yüksəlməsinə mühüm töhfə vermişdir. Sözügedən forumlar “AZEXIM CLUB” çətiri altında birləşdiriləcək.

Günel Quliyevanın sözlərinə görə, bu addım layihələrin inkişafının yeni mərhələsini təmin edəcək:

"Bu illər ərzində adıçəkilən forumlar öz effektivliyini təsdiqləmiş, biznes, dövlət qurumları və qlobal investorlar arasında etibarlı tərəfdaşlığın qurulmasına dəfələrlə xidmət etmişdir. Hesab edirəm ki, güclü və innovativ tərəfdaşların qoşulması bu platformaların məzmununu daha da zənginləşdirəcək, onlara yeni baxış bucağı və beynəlxalq inkişaf üçün yeni imkanlar qazandıracaq".

Günel Quliyeva əlavə edib ki, “Caspian Energy Club”ın ənənələrinə sadiq qalaraq forumların təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda və klubun fəaliyyət göstərdiyi ölkələrdə də təşkili planlaşdırılır. “AZEXIM CLUB”ın üzvü olan holdinqlərin və şirkətlər qruplarının beynəlxalq statuslarını və regionda aparıcı mövqelərini nəzərə alaraq bu forumlar daha uğurlu və daha effektiv platformalara çevriləcək.

Təqdim olunan imtiyazlar çərçivəsində hər bir forumun bir və ya bir neçə strateji tərəfdaş vasitəsilə idarə olunması nəzərdə tutulur. Strateji tərəfdaş statusu layihənin növündən asılı olaraq bir sıra mühüm üstünlüklər təqdim edir. Bunlara layihədə iştirak payı, forumun rəhbər strukturlarında təmsilçilik, strateji qərarların qəbulunda iştirak, “Caspian Energy Club”ın geniş beynəlxalq əlaqələr şəbəkəsinə çıxış, dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələri ilə birbaşa kommunikasiya imkanları daxildir. Bununla yanaşı, strateji tərəfdaşlar beynəlxalq biznes missiyalarında, forumların xüsusi sessiyalarında və yüksək səviyyəli işgüzar görüşlərdə iştirak etməklə öz şirkətlərinin və brendlərinin mövqelərini daha geniş auditoriyaya təqdim etmək imkanı əldə edirlər. Həmçinin forumlar çərçivəsində strateji tərəfdaş əlavə olaraq forum sədri statusunu əldə edir.

"Caspian Energy Holding" yeni imkanlardan faydalanmaq niyyətində olan bütün şirkətləri bu forumlarda strateji tərəfdaş qismində iştirak etməyə dəvət edir. Əlaqə və əlavə təfərrüatlar üçün holdinqin rəsmi kanallarına müraciət etmək mümkündür.


“Caspian Energy Holding” haqqında qısa məlumat

İnvestisiya-konsaltinq holdinqi formatında fəaliyyət göstərən“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında birləşmiş bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində konsolidasiya etmək məqsədilə təsis edilmişdir. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.

“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”,“Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”.

“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.

2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.
“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır. Bu strukturun nəzdində idarə olunan və 2034-cü ilə qədər dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.