Vergi islahatları Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyasında müzakirə edildi

02.07.2026

1 iyul 2026-cı il tarixində Milli Biznesin İnkişafı Forumu çərçivəsində Azərbaycan biznes ictimaiyyətinin nümayəndələri üçün XIX-cu xüsusi onlayn sessiya keçirilib.

“Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) birgə təşkilatçılığı ilə keçirilən tədbirin əsas mövzusu sahibkarların vergi qanunvericiliyi, vergi inzibatçılığı və ölkədə biznes mühitinin daha da təkmilləşdirilməsi ilə bağlı mövcud sual və təkliflərinin müzakirəsi olub.

Sessiya çərçivəsində biznes nümayəndələri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti arasında açıq dialoq aparılıb, sahibkarların gündəlik fəaliyyətində qarşılaşdıqları məsələlər, vergi yükünün optimallaşdırılması, elektron xidmətlərin əlçatanlığının artırılması, hesabatlılıq proseslərinin sadələşdirilməsi və vergi sistemində şəffaflığın gücləndirilməsi ilə bağlı təkliflər səsləndirilib.

Milli Biznesin İnkişafı Forumunun XIX-cu xüsusi sessiyasının fəxri qonağı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini İlkin Vəliyev olub. İlkin Vəliyev iştirakçıların vergi qanunvericiliyi, vergi inzibatçılığı və biznes mühitinin təkmilləşdirilməsinə dair suallarını cavablandırıb, eyni zamanda sahibkarlar tərəfindən irəli sürülən təşəbbüs və təkliflərlə bağlı fikir mübadiləsi aparıb.

Dövlət Vergi Xidmətinin rəisinin müavini İlkin Vəliyev bildirib ki, dövlət və özəl sektorun əsas məqsədi eynidir - sahibkarlığın inkişafına töhfə vermək, biznesi dəstəkləmək və iqtisadiyyatın dayanıqlı inkişafına xidmət etmək.

“Dövlət və özəl sektor arasında Milli Biznesin İnkişafı Forumu kimi dialoq platformaları həm gündəlik problemlərin operativ həllinə kömək edir, həm də bizim üçün kənardan baxış və geribildirim mexanizmi rolunu oynayır. Sahibkarlar iqtisadiyyatın əsas hərəkətverici qüvvəsidir və onların davamlı dəstəklənməsi ölkənin iqtisadi dayanıqlığının təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Hesab edirik ki, vergi sistemi yalnız nəzarət və fiskal funksiyanı yerinə yetirməməli, eyni zamanda sahibkarların fəaliyyətini təşviq edən, onlara dəstək göstərən və biznesin inkişafını stimullaşdıran bir mexanizm kimi çıxış etməlidir. Son illərdə həyata keçirdiyimiz islahatların əksəriyyəti məhz bu məqsədə - sahibkarlığın dəstəklənməsinə xidmət edir”, - İlkin Vəliyev qeyd edib.

O, həmçinin əlavə edib ki, xidmətin əsas prioritetlərindən biri vergi öhdəliklərinin könüllü şəkildə yerinə yetirilməsinin təşviq edilməsidir və həyata keçirilən bir çox islahatlar da məhz bu prinsip üzərində qurulub.

“Bu gün dünya süni intellekt və rəqəmsal transformasiya dövrünü yaşayır. Yeni texnologiyalar iş proseslərimizi daha da təkmilləşdirməyə və sahibkarlara göstərilən xidmətlərin keyfiyyətini artırmağa imkan verir. Qarşıya qoyduğumuz əsas məqsədlərdən biri biznes proseslərinin, xüsusilə sahibkarlara təqdim olunan xidmətlərin tam rəqəmsallaşdırılmasıdır.

Bununla yanaşı, beynəlxalq təcrübəyə uyğun olaraq risk əsaslı nəzarət sisteminin (Risk-Based Supervision) tətbiqinin genişləndirilməsi də prioritet istiqamətlərimizdən biridir”, - İlkin Vəliyev bildirib.

Sessiyada şirkət sahibləri, rəhbərləri, onların müavinləri, İdarə Heyətlərinin üzvləri və müxtəlif sektorları təmsil edən sahibkarlar iştirak ediblər.

Müzakirələr zamanı vurğulanıb ki, müasir iqtisadi münasibətlər şəraitində vergi orqanları ilə biznes arasında əməkdaşlıq artıq nəzarət mexanizmi çərçivəsindən çıxaraq tərəfdaşlıq prinsipləri üzərində qurulmalıdır. Sahibkarların vergi öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirməsi üçün proseslərin sadə, aydın, rəqəmsallaşdırılmış və proqnozlaşdırıla bilən olması xüsusi əhəmiyyət daşıyır.

Tədbir çərçivəsində, həmçinin vergi sistemində rəqəmsal transformasiya, vergi güzəştlərinin tətbiqi mexanizmləri, kiçik və orta sahibkarlığın dəstəklənməsi, investisiya fəaliyyətinin stimullaşdırılması, könüllü vergi uyğunluğunun artırılması və biznes subyektləri üçün inzibati prosedurların daha da sadələşdirilməsi məsələləri də geniş müzakirə olunub. İştirakçılar tərəfindən vergi sahəsində həyata keçirilən islahatların biznesin inkişafına müsbət təsiri qeyd edilib, dövlət-biznes dialoqunun davamlı xarakter almasının sahibkarlıq mühitinin daha da yaxşılaşmasına xidmət etdiyi vurğulanıb.

“Cənab İlkin Vəliyevə özəl sektorun təşəbbüs və təkliflərinə daim həssas yanaşdığına, dövlət-özəl sektor dialoqunun inkişafına verdiyi töhfəyə görə təşəkkürümüzü bildiririk. Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının işçi qrupları çərçivəsində həyata keçirdiyimiz birgə fəaliyyət, eləcə də uzun illər ərzində formalaşmış səmimi və səmərəli əməkdaşlığa əsaslanan işgüzar əlaqələr bir çox məsələlərin operativ həllinə, sahibkarları narahat edən problemlərin birgə müzakirəsinə və biznes mühitinin daha da təkmilləşdirilməsinə mühüm töhfə verib”, - Telman Əliyev bildirib.


“Caspian Energy Holding” haqqında qısa məlumat

İnvestisiya-konsaltinq holdinqi formatında fəaliyyət göstərən“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında birləşmiş bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində konsolidasiya etmək məqsədilə təsis edilmişdir. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.

“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”,“Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”.

“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.

2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.
“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır. Bu strukturun nəzdində idarə olunan və 2034-cü ilə qədər dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.