Bakı Baş Gömrük İdarəsində Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyası keçirilib

10.07.2026

Bakı Baş Gömrük İdarəsinin inzibati binasında “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) birgə təşkilatçılığı ilə Milli Biznesin İnkişafı Forumunun XX-ci xüsusi sessiyası və eyni zamanda “GRAND CEO Tour” baş tutub.

Tədbirin əsas məqsədi sahibkarlar ilə Bakı Baş Gömrük İdarəsi arasında qarşılıqlı dialoqun daha da gücləndirilməsi, sahibkarların gömrük fəaliyyəti ilə bağlı mövcud sual və təkliflərinin dinlənilməsi, eləcə də biznes mühitinin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsinin aparılması olub.

Sessiyanın fəxri qonağı qismində çıxış edən Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov xarici ticarət əməliyyatlarının hüquqi aspektləri, gömrük qanunvericiliyinin tətbiqi mexanizmləri və fiskal prosedurların rasionallaşdırılması barədə iştirakçıların sorğularını ətraflı şəkildə cavablandırıb. Biznes nümayəndələrinə gömrük sistemində rəqəmsallaşmanın genişləndirilməsi, əməliyyatların sadələşdirilməsi istiqamətində tətbiq edilən yeniliklər barədə məlumat verilib və bildirilib ki, aparılan təkmilləşdirilmələr biznes proseslərin sürətləndirilməsinə, xarici ticarət iştirakçılarının vaxt və vəsaitə qənaət etməsinə əlavə imkanlar yaradıb, məmur-vətəndaş təmasını minimuma endirib. Həmçinin özəl sektor nümayəndələri tərəfindən irəli sürülən təklif və təşəbbüsləri diqqətlə dinlənilib, suallar ətraflı cavablandırılıb.

Plenar müzakirələr çərçivəsində gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi, idxal-ixrac əməliyyatlarının səmərəliliyinin artırılması, tranzit imkanlarının inkişafı, sahibkarlar üçün inzibati prosedurların optimallaşdırılması və G2B (dövlət-biznes) modelinin şəffaflıq prinsipləri əsasında inkişafı prioritet istiqamətlər geniş təhlil olunub.

Sessiyadan sonra aparıcı şirkətlərin sahibkarları və rəhbərləri Bakı Baş Gömrük İdarəsinin daxili infrastrukturu, əməliyyat salonları və xidmət sahələrinin imkanları ilə yaxından tanış olublar. İştirakçılara idarənin gündəlik iş prinsipləri, vətəndaş və sahibkar məmnunluğunun təmin edilməsi istiqamətində tətbiq olunan innovativ metodlar barədə ətraflı məlumat verilib, struktur bölmələrin fəaliyyəti nümayiş etdirilib.

Sahibkarlar bəyannamələrin qəbulu, sənədləşmə prosesinin sürətləndirilməsi və gömrük nəzarətinin təşkili sahəsində tətbiq olunan ən müasir texnoloji avadanlıqların iş mexanizmini yerindəcə müşahidə etmək imkanı qazanıblar.

“Caspian Energy Holding” haqqında qısa məlumat

İnvestisiya-konsaltinq holdinqi formatında fəaliyyət göstərən“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında birləşmiş bütün networking platformalar,media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində konsolidasiya etmək məqsədilə təsis edilmişdir. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100- dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.

“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”,“Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”.

“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.

2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır. Bu strukturun nəzdində idarə olunan və 2034-cü ilə qədər dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb 
edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.