Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyasında əmək bazarı və məşğulluq sahəsində aktual məsələlər müzakirə olunub

11.09.2026

9 sentyabr 2026-cı il tarixində 5 saylı Bakı DOST Mərkəzinin inzibati binasında “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) birgə təşkilatçılığı ilə Milli Biznesin İnkişafı Forumunun XXIV-cü xüsusi sessiyası keçirilib. 

70-dən çox nümayəndənin iştirak etdiyi xüsusi sessiyanın əsas məqsədi dövlət qurumları ilə özəl sektor arasında səmərəli dialoqun inkişaf etdirilməsi, əmək münasibətləri və məşğulluq sahəsində biznes nümayəndələrini maraqlandıran aktual məsələlərin müzakirəsi, eləcə də sahibkarların sual və təkliflərinin birbaşa aidiyyəti dövlət qurumlarının nümayəndələrinə çatdırılması olub.

Tədbirin açılış hissəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, "Caspian Energy Club"ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev çıxış ediblər.

Çıxışlar zamanı əmək münasibətlərinin tənzimlənməsi, əmək qanunvericiliyinin tətbiqi və icrasına dair məsələlər, məşğulluq siyasətinin prioritet istiqamətləri, işəgötürənlərin üzləşdiyi çətinliklər, əmək bazarında mövcud çağırışlar və biznes mühitinin daha da təkmilləşdirilməsi imkanları ilə bağlı aktual mövzulara toxunulub.

İnteraktiv formatda keçirilən əsas müzakirə sessiyasın çərçivəsində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev və Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov iştirakçıların əmək münasibətləri və məşğulluq sahəsində onları maraqlandıran sualları cavablandırılıb, irəli sürülən təkliflər dinlənilib və biznes nümayəndələrinin mövcud məsələlərlə bağlı fikirləri ətraflı müzakirə olunub.

Sessiyanın yekununda iştirakçılar üçün təşkil olunan "networking" fasiləsi zamanı dövlət qurumlarının nümayəndələri, sahibkarlar və aparıcı şirkətlərin rəhbərləri qeyri-rəsmi şəraitdə bir araya gələrək yeni işgüzar əlaqələr qurub, mövcud əməkdaşlıqları genişləndirib, qarşılıqlı fikir və təcrübə mübadiləsi aparıblar.

Bununla yanaşı, tədbir iştirakçıları DOST Agentliyinin fəaliyyəti, sosial xidmətlərin göstərilməsi istiqamətində tətbiq olunan müasir yanaşmalar və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə həyata keçirilən layihə və təşəbbüslərlə yaxından tanış olublar. İştirakçılara Agentliyin əsas fəaliyyət istiqamətləri, xidmətlərin təşkili mexanizmləri, eləcə də sosial xidmətlərin əlçatanlığının artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi sahəsində tətbiq olunan innovativ həllər barədə ətraflı məlumat verilib.


“Caspian Energy Holding” haqqında qısa məlumat

İnvestisiya-konsaltinq holdinqi formatında fəaliyyət göstərən“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında birləşmiş bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində konsolidasiya etmək məqsədilə təsis edilmişdir. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.

“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”,“Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”.

“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.

2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır. Bu strukturun nəzdində idarə olunan və 2034-cü ilə qədər dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.