Türkiyədə "Caspian Energy Investment Forum Istanbul 2023" keçiriləcək

10.04.2023

"30 Aprel 2023-cü il tarixində "Caspian Energy Club" və "Caspian Energy Türkiye"nin birgə təşkilatçılığı ilə beynəlxalq "Caspian Energy Investment Forum Istanbul 2023" tədbiri keçiriləcək. Bu forum "Caspian Energy Club" tərəfindən 20 ölkədə keçirilməsi planlaşdırılan və Azərbaycanın Ümümilli Lider Heydər Əliyev cənablarının 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində keçirilir. Xatırlatmaq istərdim ki, bu əlamətdar yubileyə həsr olunmuş ilk forum 28 fevral tarixində Tbilisidə və 22 mart tarixində Praqada təşkil olunmuşdur",  - "Caspian Energy Türkiye"nin İdarə heyətinin sədri Süleyman Məcidli bildirib.

Süleyman Məcidlinin sözlərinə görə təşkil olunacaq beynəlxalq "Caspian Energy Investment Forum Istanbul 2023"ün əsas mövzuları qabaqcıl ölkələrin inkişaf modeli, orta dəhlizin inkişafı, rəqəmsal iqtisadiyyat, yaşıl enerji və türkdilli ölkələrin iqtisadi birliyi ilə əməkdaşlıq olacaqdır.

"Məqsədimiz regionda olan davamlı inkişaf proseslərinin işıqlandırılması, Türkiyə iqtisadiyyatında keçirilən islahatların pozitiv nəticəsi, zəlzələdən zərərçəkmiş bölgələrə və digər regionlara investorların cəlb olunması, dövlət və özəl sektorda həyata keçirilən layihələri beynəlxalq arenada tanıtmaqdır. Hədəfimiz forum iştirakçıları üçün beynəlxalq səviyyədə şəbəkələşməyə şərait yaratmaqdır", - deyə Süleyman Məcidli qeyd edib.

"Foruma hazırlıq ərəfəsində biz bir çox dövlət qurumları ve aparıcı holdinqlərin rəhbər və səlahiyyətli nümayəndələri ilə görüşlər apararaq, onların keçiriləcək forumla bağlı dəyərli məsləhət və rəylərini diqqətlə nəzərə almışıq. Biz həmçinin Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Fövqəladə ve səlahiyyətli səfiri cənab Rəşad Məmmədov, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə ve səlahiyyətli səfiri cənab Cahit Bağcı, Türkiyə Respublikasının Ticarət Nazirinin müavini cənab Sezai Uçarmak, Türkiyə Böyük Millət Məclisinin Azərbaycanda dostluq qrupunun rəhbəri, AK Parti İstanbul Milletvekili cənab Şamil Ayrım, Türkiyə Respublikası Kömür Müəssisələrinin Baş direktoru cənab Dr. Hasan Hüseyin Erdoğan və Türkiyə Respublikası Energetika Nazirliyinin aparat rəhbərinin müavini cənab Dr. Ramazan Usta, Enerji Səmərəliliyi və Ekologiya departamentinin rəhbəri Dr. Abdullah Buğrahan Karaveli ilə bir sıra görüşlər keçirmişik. Əminik ki, "Caspian Energy Investment Forum Istanbul 2023" bundan öncə keçirilmiş  "Caspian Energy Investment Forum Tbilisi 2023" və "Caspian Energy Investment Forum Prague 2023" forumları kimi uğurlu ve nəticəli olacaqdır. Ümidvaram ki, bu forum həmçinin qarşılıqlı işgüzar əlaqələrin daha da  möhkəmlənməsinə, iki ölkə arasında iqtisadiyyatın müasir inkişaf perspektiv və tendensiyalarının istifadəsinin təcrübə mübadiləsinə öz tövhəsini verəcəkdir. Sizi keçiriləcək "Caspian Energy Investment Forum Istanbul-2023"də iştirak etməyə dəvət edirik,"- Süleyman Məcidli əlavə edib.


"Caspian Energy Club" dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan "Caspian Energy Club"In əsas məqsədi Azərbaycanda və "Caspian Energy Club"ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-networking üçün beynəlxalq platforma olan "Caspian Energy Club" mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən "Caspian Energy Club"ın Türkiyə, Gürcüstan,Özbəkistan, Qazaxıstan, Çexiya, Israil, Almaniya, Polşa, Slovakiya, BƏƏ-də rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.