Bu gün AMEC şirkətinin direktoru Rəşad Şəkərovdan müsahibə alınıb. O mediaya müsahibəsində bildirib ki, Azərbaycan Transxəzər marşurutu üzrə ən önəmli qovşaqlardan biri kimi müstəsna rola malikdir.
Bu gün AMEC şirkətinin direktoru Rəşad Şəkərovdan müsahibə alınıb. O mediaya müsahibəsində bildirib ki, Azərbaycan Transxəzər marşurutu üzrə ən önəmli qovşaqlardan biri kimi müstəsna rola malikdir.
- Rəşad müəllim, ölkəmizin nəqliyyat qovşağına çevrilməsi haqda nə deyə bilərsiniz?
- Məlumdur ki, Prezident İlham Əliyevin qlobal miqyaslı təşəbbüsü və dəstəyi ilə həyata keçirilən nəhəng regional layihələr ölkəmizin nəqliyyat qovşağına çevrilməsi, tranzit potensialının güclənməsi ilə nəticələnmişdir. Digər sahələrdə olduğu kimi ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyəti olan nəqliyyat sektorunun inkişafı, tranzit imkanlarının genişləndirilməsi üçün mühüm işlər görülür, ölkə daxilində müasir nəqliyyat infrastrukturu yaradılır, eləcə də tranzit potensialı gücləndirilir, dəniz, quru və dəmir yolu nəqliyyatına böyük investisiyalar yatırılır. Bu sərmayələr artıq ölkəmizə böyük iqtisadi və siyasi uğurlar gətirməkdədir.
Həmçinin indiki geosiyasi gərginliklər fonunda Avrasiya məkanından keçən bir sıra nəqliyyat marşrutları üçün ciddi təhdidlər yaranıb. Hazırda Rusiya-Ukrayna müharibəsi səbəbindən Qara dənizin Ukrayna sahillərindəki limanlarında təhlükəli vəziyyət hökm sürür və demək olar ki, onların fəaliyyəti dayandırılıb. Bu şəraitdə beynəlxalq Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin əsas marşrutlarının kəsişmə qovşaqlarında yerləşən Azərbaycanın logistika baxımından əhəmiyyəti daha da yüksəlib.
- Orta Dəhlizin əhəmiyyəti barəsində nə danışa bilərsiniz?
- Əvvəlcədən qeyd etdiyim kimi, Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycan üzərindən keçən daha bir nəqliyyat marşrutuna - Orta Dəhlizə (Xəzər dənizi və Azərbaycandan keçən Şərq-Qərb nəqliyyat yolu) maraq xeyli artıb və bu marşrutun tam gerçəkləşməsi üçün yeni imkanlar yaranıb. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrut kimi qəbul edilir. Hazırda bütün iştirakçı dövlətlər Orta Dəhlizin inkişaf etdirilməsi, funksionallığının genişləndirilməsi üçün güclü siyasi iradə nümayiş etdirirlər. Dəhliz boyunca yerləşən ölkələr arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq getdikcə genişlənir ki, bu da daşımalar, yüklərin cəlb edilməsi, logistika ilə bağlı məsələlərin uzlaşdırılması və həlli üçün zəmin yaradır. Mütəxəssislər Orta Dəhlizin Avropa və Asiya regionu üçün önəmini yüksək dəyərləndirirlər. Bildirilir ki, Çindən Avropaya gedən yük qatarı 10 min kilometrlik mövcud yolu 12 gün ərzində qət edirsə Orta Dəhlizlə 7 günə qət edəcək. Bu da Asiya və Avropa arasında qlobal ticarətdə dəhlizin nə qədər sərfəli və təhlükəsiz olduğunu nümayiş etdirir. Şübhəsiz, Orta Dəhliz öz imkanları ilə region ölkələrinin koordinasiyalı əməkdaşlığı ilə dünya ticarətinin ən mühüm daşınma marşrutlarından biri olacaq. Bu nöqteyi-nəzərdən, şübhəsiz ki, Azərbaycan Transxəzər marşrutu üzrə ən önəmli qovşaqlardan biri kimi müstəsna rola malikdir.
- Aldığımız məlumata görə, cari ilin mart ayının 21-də Rotterdam şəhərində “Caspian Energy Clubun” və AMEC şirkətinin birgə əməkdaşlığı ilə “Logistics & Investments ”MeetUp”ı keçiriləcək. Bu “MeetUp”ın əsas məqsədi nədir?
- Məlumat üçün bildirmək istəyirəm ki, cari il fevral ayının 1-də “Caspian Energy Club”un rəhbərliyi ilə beynəlxalq ofislər ilə imzalanma mərasimi keçirilib. Mərasimdə mən “Caspian Energy Club UK”nın sədri vəzifəsinə təyin olundum. Bu təyinatla mən Böyük Britaniya ərazisində “Caspian Energy Club”un maraqlarını təmsil edərək, Azərbaycan və Böyük Britaniya sahibkarları arasında netvörkinqin genişləndirilməsində, Azərbaycan-Avropa arasında ticari-iqtisadi əlaqələrin inkişafında aktiv iştirak etmək, klubun müxtəlif layihələrini idarə etmək, habelə B2G və B2B forumlar, biznes-turlar, dəyirmi masalar, “CEO Breakfast” və “CEO Lunch” kimi tədbirlər təşkil etmək öhdəliyini öz üzərimə götürdüm.
Rotterdamda keçiriləcək “MeetUp”a gəldikdə isə, bu tədbir Avropa-Azərbaycan böyük tərəfdaşlıq çərçivəsi, Azərbaycan və Avropada logistika üzrə gələcək inkişaf planları və beynəlxalq nəqliyyat yolu - Orta Dəhlizdən istifadə normaları və imkanları, problemlər və onların həll yolları, yükdaşımaların həcminin artırılması məqsədilə beynəlxalq investor və logistika şirkətlərinin cəlb edilməsi mexanizmi, logistikada investisiya mühitinin təkmilləşdirilməsi, investisiyaların maliyyələşdirilməsi mənbələrinin müzakirəsi, investisiya qoyuluşunda risklərin idarə olunmasına həsr olunacaq. Ümumiyyətlə, onu da qeyd etmək istəyirəm ki, logistika və ticarətin sürətlə qloballaşdığı dünyada birbaşa xarici investisiya qoyuluşlarının həcminin artırılması çox zəruridir. Bu da regional logistika və ticarət gəlirlərində ölkənin payının artırılmasına imkan verəcək.
Qeyd olunan “MeetUp”ın Rotterdamda keçirilməsində əsas səbəb isə Avropanın ən böyük limanının Rotterdamda yerləşməsidir. Bizim şirkətin də burda çox böyük logistika partnyorları var. Həmçinin tədbirin əsas tərəfdaşı və təşkilati dəstək olan “RDL Group” ilə birgə əməkdaşlığımız nəticəsində 2023-cü ildə Bakıda böyük Logistika Forumu keçirmişdik. “RDL Group” beynəlxalq səviyyədə logistika sektorunun marketinqini həyata keçirən, biznesin inkişafında etibarlı tərəfdaş olan bir şirkətdir. Hazırda “MeetUp”ın ərsəyə gəlməsinə və uğurla həyata keçməsinə tam təşkilati dəstək verir. Ümumiyyətlə, bütün bu tədbirlərin həyata keçirilməsində əsas məqsəd Azərbaycanın Avrasiya məkanının mühüm logistik mərkəzlərindən birinə çevrilməsində kiçik də olsa, töhfə vermək istəyimizdir. Ümidvarıq ki, İpək Yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan respublikamız müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verməklə xarici investorların ölkəmizə cəlbini də artıracaq.