Caspian Energy Club üzvləri Latviyanı ziyarət ediblər
26-28 may tarixlərində Caspian Energy Club üzvləri Latviyanın paytaxtı Riqa şəhərini işgüzar səfərlə ziyarət ediblər. Bu barədə Caspian Energy Club International-ın idarəedici direktoru Günel Quliyeva bildirib.
Onun sözlərinə görə, 3 günlük Business Tour çərçivəsində 27 may tarixində Caspian Energy Club üzvləri və Latviyanın özəl sektorunu təmsil edən bir sıra şirkət arasında B2B networking event: Latvia – Azerbaijan adlı tədbir təşkil olunmuşdur. “Azərbaycan Respublikasının Latviya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Elnur Sultanova və Latviya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Edqars Skuyaya Caspian Energy Club-a göstərdikləri dəstəyə görə dərin təşəkkürümüzü bildiririk. Artıq səfərlərimiz xoş adət halına çevrilib. Qeyd edim ki, iki ölkə sahibkarları arasında davamlı ünsiyyət yaradaraq və Latviyanın ticarət palatası ilə sıx əməldaşlıq edərək pozitiv nəticələrə nail olmuşuq”, — Caspian Energy Club International-ın idarəedici direktoru Günel Quliyeva qeyd edib.
“Bu kimi Business Tour-lar Azərbaycanın və Latviyanın iş adamlarını bir araya gətirərək bir sira müqavilələrin imzalanmasına, ikitərəfli əlaqələrin inkişafına, iki ölkənin özəl sektoru arasındakı münasibətlərin daha da dərinləşməsinə möhkəm təkan verib və verməkdədir. May ayinin ilk həftələri ərzində biz Latviyanın kənd təsərrüfatını təmsil edən və 10 şirkətdən ibarət nümayəndə heyəti ilə Bakıda görüş keçirdik. Hal hazırda isə biz təhsil, İKT və yaşıl texnologiyalar sahəsində xidmət göstərən şirkətlərlə Latviyada görüşlərdə iştirak edirik”, — Caspian Energy Club-ın Sədri və Qrupun Baş İcraçı Direktoru Telman Əliyev bildirib.
28 may tarixində Caspian Energy Club-ın üzvləri Latviya mədəniyyətinin fəxri olan Latviyanın Milli Kitabxanasına baş çəkib. Ziyarətə Azərbaycan Respublikasının Latviya Respublikasındakı səfirliyinin birinci katibi Bəxtiyar Musayev, Estoniya Respublikasının Latviya Respublikasındakı missiyasının rəhbər müavini Siim Krispin, Finlandiya Respublikasının Latviya Respublikasındakı missiyasının rəhbər müavini Yaakko Koyvusaari, AB layihə departamentinin direktoru Liqa Siçeva qatılıblar. Görüş çərçivəsində qonaqlar Latviyanın Milli Kitabxanasının işi, təklif etdiyi xidmətlərlə və nadir nəşrlər nümayiş edilən oxu zalları ilə tanış olublar. Daha sonra Citadele Bank-ın Baltikyanı region üzrə baş makroiqtisadi analitiki, Latviya Fiskal İntizam Şurasının üzvü Martinş Abolinşın təqdimatında “Körpüləri quraraq: Azərbaycan və Mərkəzi Baltikyanı ölkələr arasında iqtisadi əlaqələr” adlı məruzə dinlənilib. Görüşün sonunda Latviyanın Milli Kitabxanasının arxivinə Caspian Energy jurnalının nüsxəsi hədiyyə edilib.
Eyni gündə Caspian Energy Club üzvləri Riqada təşkil edilmiş Central Baltic & Azerbaijan Business Forum-a qatılıblar.
“Forumun 28 may tarixində keçirilməsi bizim üçün xüsusi önəm kəsb edir. Bu gün Azərbaycan tarixinin ən şanlı və parlaq bayramlarından olan Müstəqillik Günü olmasıyla yanaşı, Caspian Energy üçün də çox əlamətdar tarixdir, çünki məhz 28 may 1999-cu ildə Caspian Energy jurnalının ilk buraxılışı işıq üzü görmüşdür. Fürsətdən istifadə edərək, burda olan azərbaycanlıları, Caspian Energy ailəsinin üzvlərini və Caspian Energy dostlarını bu əlamətdar gün münasibətilə təbrik edirəm”, — forumda çıxış edən Caspian Energy Club International-ın idarəedici direktoru Günel Quliyeva qeyd edib. O, LEF network Azerbaijan proqramı qısa müddət davam etsədə çox önəmli yer aldığını, öz nəticələrini verdiyini və daha da böyük və maraqlı nəticələr əldə edəcəyini ifadə edib.
“Dünən baş tutan B2B görüşlərdə artıq Caspian Energy Club üzvü olan əksər şirkətlər memorandumlar və müqavilələr imzalayıb. Ümid edirəm ki, bu sənədlər ölkələr rasında ticari-iqtisadi əməkdaşlığln genişlənməsinə, yeni təşəbbüslərin yaranmasına, investisiyaların axınının stimullaşdırılmasına töhfə verəcək”, — Caspian Energy Club International-ın idarəedici direktoru Günel Quliyeva bildirib.
Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.
Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
Caspian Energy Club International 2023-cü ildə Caspian Energy Club-un beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində Caspian Energy Club International dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. Caspian Energy Club International-ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.