Telman Əliyev Caspian Energy International Media Group-un İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. Bu barədə Caspian Energy Club-ın mətbuat xidmətindən bildirilib.
Caspian Energy International Media Group-un İdarə Heyətinin sədri Telman Əliyevin sözlərinə görə, o, yeni səlahiyyətlərini növbəti beş il ərzində həyata keçirəcək.
“Dünyanın 70 ölkəsində yayımlanan və bizim fəaliyyətimizin flaqmanı olan Caspian Energy jurnalın hər nömrəsində MDB və Avropa İttifaqı ölkələrinin prezidentləri və baş nazirləri, iri transmilli şirkətlərin başçıları ilə müsahibələri, aparıcı ekspertlərin şərhləri və analitik materialları dərc olunur. Caspian Energy jurnalı müxtəlif hesablamalara görə, Xəzər-Qara dəniz və Baltik regionlarının beş aparıcı nəşri sırasındadır. Jurnal həmin regionlarda öz fəaliyyətini müəyyənləşdirmək istəyən bir çox sərmayədarlar üçün oriyentirdir”, — Telman Əliyev diqqətə çatdırıb.
“Qarşımızdakı əsas hədəf Caspian Energy International Media Group-a daxil olan bütün layihələrin rəqəmsallaşdırılması və strukturlaşdırması, ümumi maddi-texniki bazanın yenilənməsi, media qrupun enerji və biznes sektorlarına bölünməsi, oxucu auditoriyasının genişləndirilməsidir”, — Telman Əliyev əlavə edib.
Telman Əliyev Caspian Energy International Media Group-a daxil olan televiziya və radio kanallar, foto agentlik, analitik informasiya portalı, “Tellmann Show” və digər media layihələrinə yeni nəfəs vermək planlaşdırdığını qeyd edib. Telman Əliyev həmçinin Caspian Energy International Media Group-a məxsus olan Financial journal, Construction journal, Industry journal, Telekom journal, Autoclub, Salam Azerbaijan! (turizm) və s. kimi mövcud nəşrləri Energy for Business (E4Business journal) işçi adı altında vahid layihədə birləşdirmək istədiyini bildirib.
“Bu il bizim üçün ikiqat yubileydir. Bildiyiniz kimi, bu il həm “Əsrin Müqaviləsi”nin 30 illik yubileyi, həm də Caspian Energy brendinin 25 illik yubileyi qeyd olunur. Məhz “Əsrin müqaviləsi” imzalandıqdan sonra, Caspian Energy-nin hazırkı rəhbərliyi neft və qaz sahəsində fəaliyyətə başlamışdır. “Əsrin müqaviləsi”nin imzanmasından 30 il sonra Azərbaycanın yenidən dünya ictimaiyyətinin mərkəzində olduğunu dərk etmək ikiqat xoşdur. Bu il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un təşkilatçısıdır. Hesab edirəm ki, Xəzər-Qara dəniz ve Baltik regionların aparıcı media təşkilatı olan Caspian Energy International Media Group olaraq, aktiv şəkildə COP29-u təbliğ edib, ölkənin həm neft, həm də qeyri-neft sektoruna innovativ və ekoloji texnologiyalatının tətbiq etməsində dəstək olmalıyıq. Nəşrimizin, COP29-un bilavasitə təsir etdiyi hadisələri və prosesləri kütləvi və fəal şəkildə işıqlandıraraq, bu tədbirdən sonra Azərbaycanın və ümumiyyətlə global dünyanın necə dəyişdiyini əks etdirən rupora çevriləcəyindən əminik”, — deyə Telman Əliyev çıxışını yekunlaşdırıb.