“Caspian Energy Club Czechia” aktiv fəaliyyətini davam etdirir. Bu barədə “Caspian Energy Club Czechia”nın İdarə Heyətinin sədri Zaur Qədirov bildirib.
“Caspian Energy Club Czechia”nın və Joint Bridges şirkkətinin birgə təşkilatçılığı ilə 2024-cü ilin ilk yarımilində Çexiyada 18 məruzəçinin iştirakı ilə “18-ci International Caspian Investment Forum Prague — 2024” baş tutmuşdur. Forum bir çox dövlət rəsmilərinin iştirakı ilə keçirilmiş və “Caspian Energy Club Czechia” tərəfindən 2024-cü il ərzində keçirilən ən böyük tədbirlərdən birinə çevrilmişdir. Tədbirə rəsmi dəstək Azərbaycan Respublikasının Çexiya Respublikasındakı Səfirliyi və Türkiyə Respublikasının Çexiya Respublikasındakı Səfirliyi tərəfindən həyata keçirilmişdir. Forumun Platinum Sponsoru Financial Chain Corporation, sponsorları “Energazer”, “Philips” və “Evintel” olmuşdur.
Zaur Qədirovun sözlərinə görə, “Caspian Energy Club Czechia” öz fəaliyyətini növbəti yarımil ərzində də aktiv genişləndirməyi planlaşdırır.
“Bu ilin fevral ayında keçirilən “CEO Breakfast Prague” tədbirində iki ölkənin iş adamları səmərəli ünsiyyət qurmuşlar. İki ölkənin şirkətləri arasında faydalı əlaqələrin qurulmasında indiyədək keçirilən bütün tədbirlərin rolu danılmazdır. Biznes mühitinin yeni imkanları və perspektivləri, yaşıl enerji, Avropanın enerji təhlükəsizliyi, texnoloji tərəqqi və rəqəmsallaşma, o cümlədən investisiya potensialı, investisiyaların cəlb edilməsi və müxtəlif ölkələrlə ticarətin şaxələndirilməsi bizim keçirdiyimiz tədbirlərin əsas mövzuları olub”, — deyə Zaur Qədirov bildirib.
“Bildiyiniz kimi, biz ilk yarımil ərzində bir sıra tədbir keçirib, görüşlər təşkil etmişik. Həmin görüşlərdə süni intellekt, maliyyə texnologiyaları, turizmin inkişafı, yaşıl enerji, investisiyalar və biznes mühiti ilə bağlı məsələlər ətraflı müzakirə olunub. Bu cür görüşlər “Caspian Energy Club”a üzv şirkətlərə öz bizneslərini tanıtmaq, əlaqələr qurmaq, təklifləri müzakirə etmək imkanı yaradır. Bundan əlavə, Çexiyanın Sənaye və Ticarət Nazirliyi ilə birlikdə iki ölkənin özəl sektoru arasında əlaqələrin genişləndirilməsi naminə bir çox tədbirlər həyata keçirilir və növbəti layihələr planlaşdırılır. Hesab edirəm ki, bu məqsədlə Çexiya və Azərbaycan şirkətlərinin öz xidmətlərini göstərə bilməsi və əlaqələr yarada bilməsi üçün “Caspian Energy Club Czechia” əsas networking platformasıdır”, - Zaur Qədirov bildirib.
“İlin ikinci yarısında biz kadrlar, süni intellekt, turizm və təhsil sahələrində olan mövzuları fəal şəkildə inkişaf etdirməyi planlaşdırırıq”, - deyə Zaur Qədirov bildirib.
Azərbaycandan olan fərdi sahibkarlar və onların Çexiya bazarına cəlb olunmasından danışan Zaur Qədirov azərbaycanlı iş adamlarının məhsullarını bu ölkəyə çıxarmaq imkanının üstünlüklərini diqqətə çatdırıb. Çexiya Mərkəzi Avropa ölkələrindən biri olmaqla, digər Avropa bazarlarına çıxmaq üçün imkanlar yaradır. Gömrük maneələrinin olmaması və məhsul, xidmət və kapital üçün vahid bazarın olması mühüm rol oynayır.
“Çexiyada Azərbaycandan gətirilən kənd təsərrüfatı məhsullarına, quru meyvələrə və qoz-fındıqlara yüksək tələbatı qeyd etmək lazımdır. Son iki ildə Azərbaycan bazarına aktiv daxil olan Çexiya şirkətlərinin sayı xeyli artıb, işgüzar görüşlər tez-tez keçirilir. Bu, Azərbaycanda müxtəlif sektorlardan olan şirkətlərin tərəfdaşlar tapa və beynəlxalq şəbəkələrini genişləndirə biləcəyi əlverişli investisiya mühitindən xəbər verir. Qeyd etmək istərdim ki, Çexiya yüksək inkişaf etmiş İT və maşınqayırma ilə tanınır ki, bu da Azərbaycanla bu sahələrdə əməkdaşlıq imkanları yaradır. Regionlarda yaradılan imkanlar şirkətlərin maraqlarındadır və bu hal öz növbəsində regional inkişaf üçün xoş tendensiyadır”, - deyə Zaur Qədirov fikirlərini yekunlaşdırıb.
“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-networking üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.
Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.