Bakıda IV “Su İnnovasiya Forum”u keçiriləcək

05.09.2024

26 sentyabr 2024-cü il tarixində “Aqualink” MMC-nin təşkilatçılığı və “Caspian Energy Club”ın baş “networking” tərəfdaşlığı ilə IV “Su İnnovasiya Forum”u keçiriləcək. Bu barədə “Aqualink” MMC-nin icraçı direktoru və “Su İnnovasiya Forum”un sədri Orxan Mikayıl bildirib.
“Gələcək üçün su” şüarı ilə keçiriləcək IV “Su İnnovasiya Forum”un əsas məqsədi ölkəmizdə su və ətraf mühit mövzularında geniş təcrübələrin mübadiləsi, beynəlxalq təcrübələrin nümayişi, yerli sahibkarlarla dövlət və xarici tərəfdaşların əməkdaşlığının dərinləşdirilməsi, eyni zamanda COP29 çərçivəsində su ehtiyyatlarının idarə ediləsində “yaşıl çözümlərin” təqdimatıdır.
“Su İnnovasiya Forum”u Azərbaycanda artıq dördüncü dəfədir ki, təşkil ediləcək. Forum öncəki illərdə sektorda sahəvi şirkətləri və texnoloji yenilikləri bir araya gətirən əhəmiyyətli platformaya çevrilmişdir. Bu platforma sektor üzrə çalışan mütəxəssislərin, sahə üzrə ekspertlərin, dövlət qurumlarının və əsas podratçı şirkətlərin sifarişləri və gələcək inkişaf istiqamətlərində atılan addımları haqqında danışan diskussiya mərkəzi kimi böyük rol oynamışdır. Bununla yanaşı, tədbirin nəticələrindən biri hər tədbirdən sonrakı mərhələdə Azərbaycanda olan şirkət və əlaqəli şəxsləri bir araya gətirən “networking” və biznes platforma olmağıdır. Onu da qeyd edim ki, “Su İnnovasiya Forum”unda səsləndirilən şüar, çıxış, təklif və yeniliklər yekun təklif paketi şəklində hökumət nümayəndələrinə və dövlət qurumlarına yönləndirilmişdir. Eyni zamanda, xarici şirkətlərin bu tədbir vasitəsilə ölkənin potensialını görməsi, ölkədə həyata keçirilən islahatların nəticələrini müşahidə etməsi Azərbaycana investisiya təşviqi baxımından xüsusi əhəmiyyət kəsb edir”, - Orxan Mikayıl deyib və əlavə edib ki, son üç foruma qatılan xarici şirkətlər bu dəfə də tədbirə yüksək maraq nümayiş etdiriblər və bu da öz növbəsində forumun və bu sektora olan marağın yüksək göstəricisidir.
“Xarici şirkətlərin Azərbaycanda bu tipli tədbirlərdə iştirakı, mütərəqqi və qabaqcıl texnologiyaların nümayişi və tətbiqi sektorda yeni canlanmalara yol açır, Azərbaycanda klassik və konvensional təmizləmə texnologiyasıyla bağlı yaranmış stereotiplərin aradan qaldırılmasına da köməklik göstərir. Su ehtiyatının formalaşması, onun idarəedilməsində beynəlxalq təcrübənin tətbiqi, müxtəlif təcrübələrin müsbət və mənfi tərəflərin araşdırılması və elmi müzakirənin təşviqi platformanın əsas hədəflərindən biridir”, - deyə Orxan Mikayıl fikrini yekunlaşdırıb.
Forumda ilk panel “Su ehtiyatlarının idarəedilməsində mütərəqqi təcrübələrin tətbiqi”nə həsr olunacaq. Paneldə eyni zamanda müasir su təmizləmə texnologiyaları, su idarəedilməsində effektiv və səmərəli həllər, eləcə də qabaqcıl texnologiyalar müzakirə ediləcəkdir. İkinci panelin əsas mövzusu “İşğaldan azad edilmiş ərazilərdə su ehtiyatlarının idarəedilməsi və ekoloji təsirləri” olacaqdır. Üçüncü paneldə isə yerli şirkətlər, dövlət qurumları və beynəlxalq təşkilatlarla birlikdə “biznes-networking”  görüşləri keçiriləcəkdir.
IV “Su İnnovasiya Forumu”u dövlət qurumlarının, yerli və beynəlxalq şirkətlərin nümayəndələrinin, aidiyyəti sahə üzrə mütəxəssislərin, Niderland Krallığının Azərbaycandakı səfirinin, eləcə də Niderland şirkətlərinin iştirakı ilə baş tutacaq.
“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-networking üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.
Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.