İşəgötürənlərlə əməkdaşlıq mövzusunda “Grand HR Summit” keçirilib

03.10.24

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin və “Caspian Energy Club”ın birgə təşkilatçılığı ilə “İşəgötürənlərlə əməkdaşlıq: Mövcud və Gələcək Layihələr” mövzusuna həsr olunmuş “Grand HR Summit” keçirilib.

Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.

“Grand HR Summit” 150-dən çox hökumət rəsmilərinin, özəl sektordan olan rəhbər və nümayəndələrin, ekspertlərin, yerli və beynəlxalq şirkətlərin nümayəndələrinin və mütəxəssislərin iştirakı ilə baş tutub.

Fəxri qonaqlar arasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev və Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev yer alıb.

“Biz ilk növbədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Əmək Müfəttişliyi Xidmətinə və Dövlət Məşğulluq Agentliyinə əməkdaşlığa və göstərdikləri dəstəyə görə dərin təşəkkürümüzü bildiririk. Tədbirin uğurla keçirilməsi məhz bu əməkdaşlıq sayəsində mümkün olub və “Grand HR Summit” həmin dövlət strukturları ilə “Caspian Energy Club” arasında mövcud olan səmərəli və qarşılıqlı dialoqun bariz nümunəsidir. Biz mütəmadi olaraq, il ərzində bir neçə dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan strukturlarla birgə B2G formatlı görüşlər təşkil edirik. Bu tədbirlərin çoxluğu və onlara olan maraq müzakirə olunan mövzuların aktuallığını təsdiqləyir. Platformamız qanunvericilikdə tətbiq edilən və gözlənilən dəyişikliklər haqqında məlumatların hədəf auditoriyasına daha aydın çatdırılmasını asanlaşdırır. Sözügedən prosesləri işıqlandırmaq və daha geniş auditoriyaya çatdırmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan strukturlarla “Caspian Energy Club”ın üzvləri arasında görüşlər ənənə halını alıb. Bu səmərəli və xoş ənənəni davam etdirəcəyik”, - deyə açılış nitqində Telman Əliyev bildirib.

Daha sonra Vəli Quliyev əmək qanunvericiliyinə son dəyişikliklər barədə danışıb. Həyata keçirilən son yeniliklər, elektronlaşmaya keçid istiqamətində xidmətin gördüyü və planlaşdırdığı işlər, yeni layihələr, o cümlədən Əməyin Mühafizəsi Mərkəzi tərəfindən həyata keçirilən tədbirlər barədə görüş iştirakçılarına ətraflı məlumat verib.

Tədbirdə çıxış edən Sadiq Əliyev agentliyin fəaliyyət istiqamətlərinin mühüm bir hissəsini məhz işəgötürənlərin fəaliyyətini dəstəkləməyə, onları uyğun kadrlarla təmin etməyə və dövlət qurumları ilə sahibkarlar arasında əməkdaşlığı inkişaf etdirməyə, qarşılıqlı inam mühitinin yaradılmasına hədəfləndiyini bildirib. Qeyd edilib ki, icra olunan proqramlar işəgötürənlərə unikal imkanlar təklif edir və iş dünyasının gələcək inkişafı dövlət və özəl sektorun birgə əməkdaşlığından asılıdır.

Daha sonra Telman Əliyev tədbirin fəxri qonaqları Vəli Quliyev və Sadiq Əliyevə görüşə qatıldıqlarına və iştirakçılarla səmimi ünsiyyətlərinə görə təşəkkürünü bildirib və onlara “Caspian Energy Club”ın Fəxri üzvlük sertifikatını təqdim edib. Eyni zamanda, Vəli Quliyev və Sadiq Əliyev tərəfindən “Caspian Energy Club”ın yeni üzvlərinə üzvlük sertifikatları təqdim olunub.

Qeyd edək ki, “Grand HR Summit”də Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Dövlət Məşğulluq Agentliyinin təkcə rəhbər heyəti deyil, həmçinin şöbə müdirləri və departament rəhbərləri də iştirak ediblər. Bu cür platformanın mövcudluğu sahədə olan ekspertlər arasında səmərəli dialoq üçün daha geniş fürsətlər yaradır.

“Grand HR Summit” iştirakçılar arasında fikir mübadiləsinə, yeni əlaqələr qurulmasına və gələcək əməkdaşlıqların təməlini qoymasına imkan yaradan networking hissəsi ilə başa çatıb.

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökumət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.

Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Orta Dəhliz ölkələrini əhatə edir. “Caspian Energy Club”ın, həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədilə yaradılıb. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində “Caspian Energy Club”ın fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə “Caspian Energy Club”ın fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.