Bakıda 1-ci Beynəlxalq “Caspian Innovation Forum” keçirilib

06.12.2024

“Caspian Energy Club”ın təşkilatçılığı ilə baş tutmuş 1-ci Beynəlxalq "Caspian Innovation Forum" öz işini uğurla yekunlaşdırıb. Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.

1-ci Beynəlxalq "Caspian Innovation Forum" müasir dövrün ən mühüm mövzularından olan rəqəmsal iqtisadiyyat, kibertəhlükəsizlik, innovativ texnologiyalar və qanunvericilik islahatlarını müzakirə etmək üçün iştirakçıları bir araya toplayıb. Forumda həmçinin Azərbaycanın rəqəmsal inkişafı və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədilə atılacaq növbəti addımlar diqqət mərkəzində olub.

Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev açılış nitqi ilə çıxış ediblər.

Telman Əliyev forumun region üçün böyük əhəmiyyət kəsb etdiyini və Azərbaycanın dünya miqyasında rəqəmsal inkişaf sahəsindəki mövqeyini daha da möhkəmləndirəcəyini vurğulayıb. “1-ci Beynəlxalq "Caspian Innovation Forum"un uğurla başa çatması bizim üçün böyük bir nailiyyətdir. Bu cür beynəlxalq tədbirlər, həm ölkəmizdə, həm də regionda innovasiyaların inkişafı və rəqəmsal iqtisadiyyatın gücləndirilməsi baxımından çox önəmlidir", - Telman Əliyev bildirib.

Forumun əsas məzmununu təşkil edən süni intellekt, innovativ texnologiyalar və rəqəmsal aləmdəki trendlər iştirakçılarda geniş maraq doğurub. “Süni intellekt və rəqəmsal texnologiyalar müasir biznesin əsas komponentlərinə çevrilib. Azərbaycanın rəqəmsal iqtisadiyyatının gələcəyi, yalnız daxili infrastrukturla deyil, həm də beynəlxalq əməkdaşlıqla müəyyən olunur", - deyə Telman Əliyev əlavə edib.

Forumun iştirakçıları arasında dövlət qurumlarının, transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının, analitik mərkəzlərinin və investisiya şirkətlərinin 150-dən çox nümayəndəsi yer alıb. Tədbirdə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin İdarə Heyətinin sədri Nail Mərdanov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini Rəşad Xalıqov və Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Elvin Şahverdiyev spiker qismində iştirak ediblər.

1-ci Beynəlxalq "Caspian Innovation Forum"da moderatorluq “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev və  Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz tərəfindən icra edilib.

Panel müzakirələrdə müxtəlif sahələrin aparıcı liderləri, beynəlxalq ekspertlər və şirkət rəhbərləri, qlobal miqyasda rəqəmsal iqtisadiyyatın inkişafı, innovasiyaların tətbiqi və bu sahələrdə qarşıya çıxan çağırışlar barədə fikirlərini bölüşüblər. 

Tədbirin sonunda forumda iştirak edən rəhbər şəxslərə fəxri üzvlük sertifikatları təqdim edilib. Eyni zamanda, dövlət qurumlarının rəhbərləri tərəfindən "Caspian Energy Club" üzvlərinə üzvlük sertifikatları təqdim olunub.

Forumun son hissəsi olan “networking” sessiyası iştirakçılara yeni əməkdaşlıqlar və fikir mübadiləsi üçün fürsətlər yaradıb. 

1-ci Beynəlxalq "Caspian Innovation Forum"un rəsmi tərəfdaşları sırasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi və Elektron Təhlükəsizlik Xidməti yer alıblar. 

Forum “FChain Corporation”, “Gazelli Group”, “Kibrit.Tech”, “MyGroup Holding”, “Noventiq”, “Vitam” şirkətlərinin sponsor dəstəyi ilə gerçəkləşib.

 

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. 

Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. “Caspian Energy Club”ın həmçinin dünyanın 63 şəhərində rəsmi nümayəndəlikləri və səlahiyyətli nümayəndələri mövcuddur.

 

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində “Caspian Energy Club”ın fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas funksiyalarından biri, klubun fəaliyyətinin müxtəlif ölkələrdə idarə edilməsi və “Caspian Energy Club” qrupuna daxil olan bütün xarici ofislər və şirkətlər üçün rəqəmsal iqtisadiyyat, yaşıl energetika, yaşıl maliyyə, rəqəmsal transformasiya və yaşıl və innovativ texnologiyaların tətbiqi sahələrində layihələrin lobbiləşdirilməsi və təşviqi üzrə vahid strateji planın formalaşdırılmasıdır.