11.06.2025
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada “Caspian Energy Club”a üzv şirkətlərlə “DOST Müfəttiş” layihəsi çərçivəsində görüş olub.
Görüşdə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva, “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev, eləcə də Kluba üzv şirkətlərin nümayəndələri iştirak ediblər.
E. Səfərli “DOST Müfəttiş” layihəsinin məqsədləri, əhatə dairəsi və bu təşəbbüsün əmək bazarında şəffaflığın təmin olunmasında oynadığı roldan bəhs edib. Layihənin işəgötürənlər üçün maarifləndirici və dəstək xarakteri daşıdığını, eyni zamanda əmək qanunvericiliyinə əməl olunmasına töhfə verdiyi vurğulanıb.
N. Mirzəyeva layihənin Dövlət Əmək Müfəttişliyi Xidməti ilə işəgötürənlər arasında səmərəli kommunikasiya vasitəsi olmasından, əmək qanunvericiliyinin pozulmasının qarşısının alınmasında preventiv və metodiki əhəmiyyətindən bəhs edərək işəgötürənlərdə “özünüqiymətləndirmə” ənənəsinin formalaşmasına müsbət təsirlərindən danışıb.
T. Əliyev belə görüşlərin özəl sektor üçün əhəmiyyətini vurğulayaraq, gələcəkdə də dövlət və özəl sektor arasında əməkdaşlıqların davam etdirilməsinin vacibliyini qeyd edib.
Sonra layihə barədə işəgötürənlərə ətraflı təqdimat edilib, onun məqsədləri, fəaliyyət istiqamətləri və müəssisələr üçün yaratdığı imkanlar izah olunub.
Sonda şirkət nümayəndələrinin sualları cavablandırılıb və əmək qanunvericiliyi ilə bağlı praktiki məsələlərə dair fikir mübadiləsi aparılıb.
Görüş, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma kimi qiymətləndirilib.
“Caspian Energy Holding” haqqında qısa məlumat
“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında fəaliyyət göstərən bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid ekosistem daxilində birləşdirmək məqsədilə təsis edilmişdir. Bu ekosistem üzərində “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradacaq.
“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir:
“Caspian Energy Club”
“Caspian Energy Club International”
“Caspian Energy Event Group”
“Caspian Energy International Media Group”
“Award Organizers Group”
“Caspian Energy Research Group”
“Caspian Energy Entertainment Group”
“Caspian Energy Jobs”
“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid ekosistem çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. Ekosistemə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.
2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.
“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır. Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.