09.09.2025
"Caspian Energy Club"ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Su şəbəkələrinə qoşulma” işçi qrupunun onlayn formatda keçirilmiş növbəti iclasında iştirak edib.
Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev açılış nitqi ilə çıxış edərək iclasın gündəliyi haqqında məlumat verib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov ötən müddət ərzində görülmüş işlər barədə danışıb.
Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxışında su şəbəkələrinə qoşulması sahəsində işçi qrupunun il ərzində həyata keçirdiyi fəaliyyətləri yüksək qiymətləndirərək, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində əldə olunan nailiyyətlərə diqqət çəkib. Ölkə başçısı tərəfindən imzalanmış Qanun və Nazirlər Kabineti tərəfindən qəbul edilmiş Qaydalardan irəli gələrək vətəndaşların su şəbəkəsinə 3 prosedur və 30 gün ərzində qoşulmasının tam mümkün olunduğunu vurğulayıb. Bu da su təsərrüfatı sahəsinin daha da inkişaf edəcəyini bildirib. Yeni islahatların Dünya Bankı Qrupuna təqdim edildiyini və “Su şəbəkəsinə qoşulma” sahəsində əhəmiyyətli irəliləyişlərin mümkünlüyünü vurğulayıb. Qoşulma prosesində iştirak edən sahibkarlar arasında müstəqil ekspertlər tərəfindən sorğuların aparılmasını, maarifləndirmə işlərinin daha da genişləndirilməsini təklif edib.
Gündəliyə uyğun olaraq "Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması Qaydası"nın tələblərinə əsasən cari dövr ərzində daxil olmuş müraciətlərin icra vəziyyəti barədə təqdimat iclas iştirakçılarının diqqətinə çatdırılıb və qoşulma proseslərinin icrası zamanı yarana biləcək çətinliklərin aradan qaldırılması mövzusunda müzakirələr edilib.
Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Kommunal xidmətlər (su təchizatı)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinin təqdimatı olunub.
İclasda həmçinin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məsul vəzifəli şəxsləri, işçi qrupuna üzv olan digər aidiyyəti qurumların nümayəndələri, müstəqil ekspertlər, qeyri-hökümət təşkilatlarının nümayəndələri və sahibkarlar iştirak edib.