10.09.2025
"Caspian Energy Club"ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə” altqrupun 2025-ci il üzrə prioritet vəzifələrə həsr olunan iclasında iştirak etmişdir.
İclasda həmçinin Komissiyanın Katibliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərişıq” ASC və digər dövlət qurumlarının məsul nümayəndələri, həmçinin özəl sektor və biznes assosiasiyalarının təmsilçiləri iştirak etmişdir.
Görüş çərçivəsində altqrupa üzv olan qurumlar tərəfindən 2025-ci il üzrə Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin 6 aylıq dövr üzrə icra vəziyyəti barədə məruzə edilmiş, aktual məsələlərə dair müzakirələr aparılmışdır.
Bununla yanaşı, ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələri üçün zəruri infrastrukturun yaradılması sahəsində görülmüş işlərə dair təqdimatla çıxış edilmiş, həmçinin ekoloji təmiz və təhlükəsiz (yeni) nəqliyyat vasitələrinin əldə edilməsi və istifadəsi sahəsində maliyyə əlçatanlığının artırılması, rəqabət mühitinin inkişafı və dövriyyəsinin artırılması sahəsində görülmüş işlərə dair məlumat verilmişdir.
Sonda 2025-ci il üçün Yol Xəritəsi üzrə icrası davam edən tədbirlər və qarşıda duran məsələlər müzakirə edilmiş, Yol Xəritəsinin icrası iqtiqamətində müvafiq tapşırıqlar verilmiş, iclas iştirakçılarının sualları cavablandırılmışdır.