Batumidə 13-cü Beynəlxalq “Caspian Energy Forum”un xüsusi sessiyası baş tutdu

11.09.2025

“Caspian Energy Club” və “Forbes Georgia” jurnalının birgə təşkilatçılığı ilə 13-cü Beynəlxalq “Caspian Energy Forum”un xüsusi sessiyası baş tutmuşdur. Bu barədə “Caspian Energy Club International”ın idarəedici direktoru Günel Quliyeva ətraflı məlumat vermişdir.

Qapalı formatda təşkil olunan tədbirdə nüfuzlu və aparıcı beynəlxalq şirkətlərin rəhbərləri, beynəlxalq təşkilatların, assosiasiyaların və maliyyə institutlarının təmsilçiləri, eyni zamanda müstəqil ekspertlər və analitik mərkəzlərin nümayəndələri iştirak etmişlər. Forumun açılış mərasimində çıxış edən “Caspian Energy Club”ın sədri və baş icraçı direktoru Telman Əliyev klubun fəaliyyəti və beynəlxalq biznes əməkdaşlığındakı əhəmiyyətli rolu haqqında ətraflı məlumat vermişdir.

DEIK Türkiyə-Gürcüstan Biznes Şurasının və Gürcüstanın Beynəlxalq İnvestorlar Assosiasiyasının sədri Osman Çalışkan isə tərəfdaşlıq imkanlarının genişləndirilməsi məsələsinə toxunmuşdur. Forum çərçivəsində “GREDA”nın icraçı direktoru Maya Melikidze və “PAŞA Bank Georgia”nın İdarə Heyətinin sədri və baş icraçı direktoru Ramil İmamov da çıxış edərək fikirlərini bölüşmüşlər. Ardınca çıxış edən “Forbes Georgia”nın nümayəndəsi Guri Koava forumun həm Gürcüstan, həm də bütövlükdə region üçün strateji əhəmiyyət daşıdığını vurğulamışdır.

Forumun əsas çıxışlarında iki mühüm mövzu diqqət mərkəzində olmuşdur. “Energysolutions” şirkətinin idarəedici tərəfdaşı və Gürcüstanın Bərpa Olunan Enerji İnkişafı Assosiasiyasının sədri Giorgi Abramişvili “Gürcüstan: Strateji Enerji Dəhlizi” mövzusunda məruzə ilə çıxış etmişdir. İkinci əsas çıxış isə “Caucasus Clean Energy Holding”in ESG və Davamlılıq üzrə rəhbəri Nana Berdzenişvili tərəfindən təqdim olunmuşdur. Onun “ESG” sahəsində etdiyi dərin məzmunlu çıxış iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanmışdır.

Forum çərçivəsində baş tutan panel müzakirələri müxtəlif tematik istiqamətləri əhatə etmişdir. Birinci panel “Yaşıl Enerji: İstehsal, Ötürmə və Maliyyələşmə” mövzusuna həsr edilmişdir. Panelə Gürcüstanın Biznes Assosiasiyasının icraçı direktoru Dr. Levan Vepxvadze moderatorluq etmişdir. Müzakirələrdə “Eksim Holding”ə məxsus “Achar Energy” şirkətinin baş direktoru Çağatay Ülker və “SOCAR Green”in baş direktoru Elmir Musayev yaşıl enerjinin mövcud imkanları və region üçün strateji əhəmiyyəti haqqında dəyərli fikir mübadiləsi aparmışlar. Panel iştirakçıları enerji və texnologiyanın vəhdəti, ağıllı infrastrukturun formalaşması və innovativ yanaşmaların tətbiqi üzrə praktiki təcrübələrini bölüşmüşlər.

İkinci panel “Enerji+Texnologiya: Ağıllı İnfrastruktur və İnnovasiyalar üçün Yeni Modellər” mövzusunda keçirilmişdir. Panelin moderatoru qismində “Tsitsiko Holding”in baş icraçı direktoru Davit Tsitskişvili çıxış etmişdir. Paneldə “Helios Energy”nin təsisçisi və Günəş Enerjisi Assosiasiyasının rəhbəri Tornike Darjania, “Biodiesel Georgia” şirkətinin həmtəsisçisi və direktoru Murman Pataraya, həmçinin “GREDA”nı təmsil edən hüquqşünas Levan Kokaya iştirak etmişlər.

Üçüncü panel “Yaşıl Enerji Gələcəyinə İnvestisiya: Qlobal Sərmayədarlar Nəyi Görməlidir” mövzusuna həsr olunmuşdur. Moderator qismində “GREDA”nın İcraçı direktoru Maya Melikidze çıxış etmişdir. Paneldə “ABB Invest”in baş icraçı direktoru Nadir Babazadə, “Galt and Taggart”ın enerji sektoru üzrə rəhbəri Mariam Çaxaşvili və “TBC Capital”ın vitseprezidenti Andro Tvaliaşvili iştirak edərək yaşıl enerjiyə yönəlmiş qlobal kapital axını, investorları maraqlandıran əsas tendensiyalar və regionun investisiya baxımından potensialı haqqında əhatəli müzakirələr aparmışlar.

Günün ikinci yarısında “CEO Tour” proqramı çərçivəsində Baxvi və Kirnati su elektrik stansiyalarına səfərlər təşkil olunmuşdur. Bu səfərlər zamanı iştirakçılara Gürcüstanın təmiz enerji sahəsində tətbiq etdiyi qabaqcıl texnologiyalar və innovativ həllər əyani şəkildə nümayiş etdirilmişdir.

“Növbəti istiqamətimiz Bakıdır. Müxtəlif ölkələrdə təşkil etdiyimiz xüsusi sessiyalarda müzakirə edilən mövzular daha geniş və dərin formatda 29 oktyabr tarixində Bakıda təşkil olunacaq 13-cü Beynəlxalq “Caspian Energy Forum”da müzakirə olunacaq. Sözügedən forumda dövlət qurumlarının rəhbərləri, iri dövlət və özəl holdinqlərin nümayəndələri, eləcə də iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən kiçik və orta biznes nümayəndələri iştirak edəcəklər. Əlbəttə ki, forumun əsas müzakirə mövzularını yaşıl enerji, yaşıl innovasiyalar və yaşıl investisiyalar təşkil edəcək. Hamınızı Bakıda keçiriləcək bu əhəmiyyətli tədbirdə iştirak etməyə dəvət edirik”, - Günel Quliyeva bildirib.

“Caspian Energy Holding” haqqında qısa məlumat
“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında fəaliyyət göstərən bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində birləşdirmək məqsədilə təsis edilmişdir. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.

“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir:
• “Caspian Energy Club”
• “Caspian Energy Club International”
• “Caspian Energy EXIFOR Group”
• “Caspian Energy International Media Group”
• “Award Organizers Group”
• “Caspian Energy Research Group”
• “Caspian Energy Entertainment Group”
• “Caspian Energy Jobs Group”

“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində halhazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.

2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır.

“Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır.

Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.

2004-cü ildən

fəaliyyət göstərən “Caspian Energy EXIFOR Group” dünyanın 20-dən çox ölkəsində “Caspian Energy Forum”, “Caspian Investment Forum”, Milli Biznesin İnkişafı Forumu, Milli Maliyyə Əlçatanlığı Forumu, “Caspian Innovation Forum” və iqtisadiyyatın fərqli istiqamətlərini əhatə edən beynəlxalq və milli forumlar, meetup-lar və dəyirmi masalar təşkil edir.