27.08.2025
Son dövrlərdə müxtəlif KİV-lərdə və sosial şəbəkələrdə “Caspian Energy Holding”in struktur transformasiyası və qeyri-profil aktivlərdən imtina siyasəti çərçivəsində “Caspian Energy” jurnalının və eyni adlı brend altında fəaliyyət göstərən digər media resurslarının 100%-lik payının satışa çıxarılması ilə bağlı məlumatlar geniş şəkildə yayılmaqdadır. Bu məlumatlar həqiqəti əks etdirmir.
“Rəsmi olaraq bildiririk ki, hazırda biz media resurslar portfelini genişləndirmək və gücləndirmək məqsədilə Azərbaycanın hüdudlarından kənarda kütləvi informasiya vasitələrinin alınması ilə bağlı danışıqlar aparırıq. Hazırda biz qonşu ölkələrdə nəşr olunan “Forbes” redaksiyaları ilə səhmdar iştirakın əldə edilməsi ilə bağlı müzakirələrə başlamışıq. Həmçinin, “Forbes Azerbaijan” layihəsinin fəaliyyətə başlaması ilə bağlı müəllif hüquqlarının sahibi ilə danışıqları bərpa etməyi planlaşdırırıq”, - “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.
“Caspian Energy” jurnalı və “Caspian Energy” brendi altında fəaliyyət göstərən media layihələrinə gəldikdə isə, hazırda “Caspian Energy International Media Group” adlı yeni strukturun formalaşdırılması prosesi başlanmışdır və bu qurumda “Caspian Energy Holding” 51% payını saxlamağa planlaşdırır. Qalan 49% isə struktur və rəqəmsal transformasiyanı davam etdirmək məqsədilə satışa çıxarılmışdır.
Bu təşəbbüslərin əsas məqsədi beynəlxalq bazarlarda fəal şəkildə mövqelərini genişləndirən Azərbaycan şirkətlərinin fəaliyyətini hərtərəfli işıqlandırmaq, eyni zamanda holdinqin media aktivlərinin optimallaşdırılması və inkişafını təmin etməkdir.
Müzakirələrin gedişatı və əldə olunan nəticələrlə bağlı əlavə məlumat ictimaiyyətə mərhələli şəkildə təqdim ediləcəkdir.
Telman Əliyev qeyd edib ki, “Caspian Energy Holding”in fəaliyyəti ilə bağlı bütün suallar rəhbərliyə yönləndirilə bilər. Biz sosial şəbəkələrdə və digər rəsmi kanallar vasitəsilə daim açığıq və ictimaiyyətin müraciətlərinə operativ cavab verməyə hazırıq.
“Caspian Energy Holding” haqqında qısa məlumat
“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında fəaliyyət göstərən bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində birləşdirmək məqsədilə təsis edilmişdir. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.
Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir:
• “Caspian Energy Club”
• “Caspian Energy Club International”
• “Caspian Energy EXIFOR Group”
• “Caspian Energy International Media Group”
• “Award Organizers Group”
• “Caspian Energy Research Group”
• “Caspian Energy Entertainment Group”
• “Caspian Energy Jobs Group”
“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal- hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.
2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.
“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır. Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.
1999-cu ildən fəaliyyət göstərən “Caspian Energy International Media Group” “Caspian Energy Club”ın dəstəyi ilə 30-dan çox elektron, çap və onlayn yerli və beynəlxalq media resurslarını idarə edir. “Caspian Energy International Media Group”un fəaliyyətinin flaqmanı olan “Caspian Energy” jurnalı dünyanın 70-dən çox ölkəsində yayımlanır və 20-dən çox ölkədə əlavə olaraq çap olunur.